Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən əmlak idarəçiliyi sahəsində göstərilən xidmətlərdən biri də daşınmaz əmlak üzərində icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması və ləğvidir. Hüquqi və fiziki şəxslərin daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ varsa, həmin hüquq dövlət qeydiyyatına alınmalıdır. İcarə və ya istifadə müqaviləsi üzrə tərəflərdən biri bu hüquqların dövlət qeydiyyatına alınması barədə ərizə verə bilər. Dövlət orqanları, yerli özünüidarəetmə orqanları, o cümlədən hüquqi və fiziki şəxslər xidmətlərdən istifadə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə və Əmlak Xidmətləri Məkanına yaxınlaşa bilər.
Unikal.org xəbər verir ki, müraciət zamanı bina, qurğu, ev, binada və ya evdə yerləşən mənzillər, otaqlar icarəyə verildikdə yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı, şəxsiyyəti təsdiq edən sənəd, ərizə, icarə müqaviləsi və digər zəruri sənədlər tələb olunur. Xidmətlərin göstərilməsi barədə qərar qəbul edildikdən sonra icarə və ya istifadə hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış hazırlanır. Notarial qaydada təsdiqlənməsi və ya əslinin təqdim edilməsi tələb edilən sənədlər olduqda həmin sənədlər bilavasitə təqdim edilməlidir. İcarə və istifadə hüquqlarının dövlət qeydiyyatına alınması xidməti 10 iş günü müddətində göstərilir, 20 manat dövlət rüsumu, 20 manat xidmət haqqı tələb olunur. Xidmətin nəticəsi olaraq icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış hüquq sahibinə təqdim edilir.
Daşınmaz əmlakın icarə və ya istifadə hüquqlarının dövlət qeydiyyatının ləğvi xidməti isə 5 iş günü ərzində göstərilir, 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tələb olunur. Xidmət nəticəsində daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatının ləğvi barədə arayışın skan edilmiş surəti dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə göndərilir və ya birbaşa təqdim edilir.