Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə ali təhsil müəssisəsində “ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi” mövzusunda keçirilən təlimlərə yekun vurulub.
Unikal.org xəbər verir ki, “ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi”çərçivəsində yeni standartların tətbiqinə dair təlimlərə ATMU-un turizm və qonaqpərvərlik fakültəsinin və müvafiq struktur bölmələrinin məsul əməkdaşlarından ibarət işçi qrupu qatılıb. Təlimlərin keçirilməsində başlıca məqsəd “İSO 9001” beynəlxalq standartının “2015 versiyası”nın tətbiqi, auditə hazırlıq mərhələsinin təşkili, turizm və qonaqpərvərlik fakültəsinin, eyni zamanda əlaqəli şöbələrin “İSO keyfiyyət sertifikatları”na sahiblənmələrini təmin etməkdən ibarətdir.
3 gün fəaliyyət göstərən təlimdə uğur qazanan işçi qrupu növbəti mərhələdə “ISO 9001:2015 Keyfiyyət Idarəetmə Sistemi” çərçivəsində yeni standartların universitetdə tətbiqi prosesində birbaşa iştirak hüququ qazanıb.
“TedQual” və “İSO keyfiyyət” sertifikatlarının əldə edilməsindən ötrü Azərbaycan Turizm və Menecment Universitetində təlim-tədris-tədqiqat sahəsində fəaliyyətin yenidən qiymətləndirilməsi prosesinə başlanılıb. Hazırda dünyanın 30-a yaxın universiteti ”İSO keyfiyyət” sertifikatının sahibidir.