Nizami Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Unikal.org xəbər verir ki, yığıncaqda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprel ayının 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini qeyd edib.
A.Qasımov 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatla çıxış edərək bildirib ki, cari ilin yanvar-mart aylarında rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün maliyyə mənbələrindən əsas kapitala 108,1 milyon manat məbləğində, yəni əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 89,1 faiz çox vəsait yönəldilib, rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 131,3 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 15,1 faiz çox sənaye məhsulu istehsal edilib, istehsal olunmuş məhsuldan 127,3 milyon manat dəyərində məhsul istehlakçılara göndərilib, bütün maliyyə mənbələri hesabına 5,9 milyon manat həcmində əsas fondlar istifadəyə verilib, 3,2 milyon manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib, pərakəndə ticarət şəbəkələrindən əhaliyə 442,2 milyon manatlıq əmtəə satılıb, rabitə müəssisələri tərəfindən 102,9 milyon manat həcmində, yəni əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,7 faiz çox, nəqliyyat sektorunda isə fəaliyyət göstərən müəssisələr tərəfindən 22,3 milyon manat həcmində xidmət göstərilib, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 73,3 faiz artaraq 156,2 milyon manat təşkil edib. Hesabat dövründə rayon üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,2 faiz artaraq 45496 nəfər olub, yanvar-fevral aylarında işçilərin orta aylıq nominal əmək haqqı 642,5 manat olub, rayonda 1020 yeni iş yeri açılıb.
A.Qasımov cari ilin birinci rübündə rayon ərazisində fəaliyyətdə olan müəssisələr tərəfindən Rayon Məşğulluq Mərkəzinə 1326 boş iş yeri təqdim edildiyini, mərkəzdə işaxtaran kimi qeydiyyatda olanlardan 770 nəfərinin münasib işlə təmin olunduğunu, bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə işsiz vətəndaşların 745 nəfərinin haqqı ödənilən ictimai işlərə, özünüməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə 132 nəfərin cəlb edildiyini, “Ərazi Məşğulluq Proqramı”nın kvota normasına uyğun olaraq 18 müəssisədə sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlardan 25 nəfərinin işlə təmin olunduğunu nəzərə çatdırıb.
Natiq hesabat dövründə 276 nəfərə yeni pensiya təyinatı aparıldığını, rayon üzrə orta pensiyanın məbləğinin 253,99 manat təşkil etdiyini, 80 ailəyə ünvanlı sosial yardım təyin edildiyini və hər bir ailə üzrə orta aylıq məbləğin 165,92 manat təşkil etdiyini qeyd edib.
A.Qasımov həmçinin təhsil, səhiyyə və mədəniyyət ocaqları, xidmət və təsərrüfat sahələri üzrə görülən işlər barədə ətraflı məlumat verib.
Natiq cari ilin hesabat dövründə rayonda aparılan abadlıq və yenidənqurma işləri barədə danışarkən bildirib ki, ümumilikdə rayonda 1280 p/m səki daşı və 7550 m2 asfalt örtüyü yenilənib, ”Bizim həyət” layihəsi çərçivəsində B.Nuriyev küçəsi 55/57, 51, 53, 55, 39, 41 saylı binalar təmir edilib və həyətlər abadlaşdırılıb, hazırda qeyd olunan layihə çərçivəsində M.X.Şərifli küçəsi 84, 86, 88, 90, 92, R.Rüstəmov küçəsi 35, 37, 39, və Q.Qarayev prospekti 63, C.Naxçıvanski 61, 63, 65A, 65, 67, 69, B.Nuriyev küçəsi 37, 49 və Q.Qarayev prospekti 57, 59 saylı binalarda təmir-bərpa və həyətlərin abadlaşdırılması işləri aparılır. Bundan əlavə, rayon ərazisində istismar müddəti bitmiş 95 liftin yenilənməsi istiqamətində hazırlıq işlərinin görüldüyünü də diqqətə çatdırıb.
Yığıncaqda çıxış edən 62 nömrəli məktəb-liseyin direktoru Mətanət Cabbarlı hesabat dövründə məktəbin qazandığı nailiyyətlər, 11 №-li Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Nurməmməd Yarıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə 15 fevral 2019-cu il tarixindən rayonda keçirilən əhalinin pulsuz tibbi müayinəsi barədə ətraflı məlumat veriblər.
“Dadaş-Tekstil” firmasının rəhbəri Nəsimi Dadaşov çıxışında dövlət tərəfindən sahibkarlar üçün hər cür şəraitin yaradıldığını, onlara güzəştli kreditlərin ayrıldığını qeyd edərək, sahibkarları daim dəstəklədiyinə görə ölkə başçısına minnətdarlığını bildirib. Bundan əlavə, ölkədə qeyri-neft sektorunun inkişafının əhəmiyyətindən danışıb və firma tərəfindən görülən işlər barədə məlumat verib.
Sonra Rayon Məşğulluq Mərkəzinin direkto ru İlqar Şıxəliyev 2019-cu ilin birinci rübündə görülən işlərlə bağlı hesabatla çıxış edib.
Yığıncaqda çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini Hüseyn Mövsümov Nazirlər Kabinetinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının giriş və yekun nitqində qaldırdığı məsələlər barədə ətraflı məlumat verərək, ölkə rəhbərinin qarşıya qoyduğu konkret vəzifələrdən danışıb. H.Mövsümov ölkədə sosial sahədə aparılan islahatlardan söz açaraq, cənab İlham Əliyevin imzaladığı sərəncam və fərmanların bir çoxunun əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb.
Çıxışlardan sonra cənab A.Qasımov rayonda həllini gözləyən bir sıra məsələlərdən danışaraq, müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.
Yığıncağın sonunda Qazaxıstanın Alma-Ata şəhərində keçirilmiş “İNFOMATRİX-ASİA” XVII Beynəlxalq Proqramlaşdırma Layihələri yarışmasında bürünc medala layiq görülən 62 №-li məktəb-liseyin VIII sinif şagirdi Eyvazlı Yusif Elşad oğlu, X sinif şagirdi Dəmirçiyev Nicat Xanlar oğlu və onların elmi rəhbəri Aysel Bayramova Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən təşəkkürnamə ilə təltif edilib və onlara hədiyyələr təqdim olunub.