Prezident İlham Əliyev “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Unikal.org xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə “Talassemiya Mərkəzi” sözlərindən sonra “B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transplantologiya İnstitutu, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” sözləri əlavə edilir.
Prezidentin 2018-ci il 20 dekabr tarixli Fərmanının ikinci hissəsində qeyd edilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri (Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah məsləhətxanaları, “Tibb” qəzeti, “Azərbaycan Tibb Jurnalı”, Azərbaycan Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi, “Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi” və “Azərtibbtəchizat” məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi, sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri, Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti istisna olmaqla) TƏBİB-in tabeliyinə verilsin.