İranın uran istehsalı 300 kiloqramı keçəcək.
Unikal.org xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kamalvəndi Ərak Ağır Su Kompleksində jurnalistlərə verdiyi açıqlamada deyib.
B.Kamalvəndinin sözlərinə görə, uran istehsalının 300 kiloqramdan keçməsi üçün geri sayım başlayıb: “Bu gündən 10 gün müddətinə (27 iyunadək) İranın uran istehsalı 300 kiloqramı keçəcək. Dövlət tərəfindən elan olunan kimi, zənginləşdirmə daha sürətlə davam etdiriləcək. İranın Ali Milli Təhlükəsizlik Şurasının bəyanatına əsasən 1-ci mərhələdə iki addım yerinə yetirilməkdədir”.
Təşkilat rəsmisi bildirib ki, növbəti mərhələ (uranın 3,7% ölçüsündə zənginləşdirilməsi) 1-2 gün ərzində icra olunacaq: “Avropa ölkələri üçün Hərtərəfli Birgə Fəaliyyət Planını qorumaq önəmlidirsə, onlar öz səylərini göstərməlidirlər və İranın addımları tamamilə bu plan çərçivəsindədir”.
Qeyd edək ki, 2016-cı il yanvar ayında İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa, Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il 8 mayda nüvə sazişindən çıxdığını bəyan edib və noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib.
İran 2019-cu il 8 mayda Hərtərəfli Birgə Fəaliyyət Planındakı zənginləşdirilmiş uranın satışı ilə bağlı öhdəliyinin icrasını dayandırdığını bəyan edib və qeyd olunan sazişin üzvlərinə uranın zənginləşdirilməsi ilə bağlı 60 gün müddətinə vaxt verib.