09-12 iyun tarixlərində İsveçin Stokholm şəhərində Beynəlxalq İctimai Nəqliyyat Birliyinin (UITP) təşkilatçılığı ilə Qlobal İctimai Nəqliyyat Sammiti keçirilib.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, nəqliyyat sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər, müxtəlif dövlətlərin nəqliyyat tənzimləyici orqanları və iri təchizatçıların iştirak etdiyi sammit çərçivəsində müzakirə panelləri və görüşlər təşkil edilib.

Sammitdə ilk dəfə olaraq paytaxtın əsas nəqliyyat tənzimləyici orqanı Bakı Nəqliyyat Agentliyi də iştirak edib. 
Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti sammitdə bir sıra işgüzar görüşlər keçirib. Avrasiya panelində “Bakıda ictimai nəqliyyat və gələcək planlar” ilə bağlı təqdimat olub. Təqdimatda Bakı Nəqliyyat Agentliyinin paytaxtın ictimai nəqliyyat sisteminin inkişaf etdirilməsi və beynəlxalq tədbirlərin təşkilindəki uğurlu təcrübəsi diqqətə çatdırılıb. Təqdimat tədbir iştirakçılarının böyük marağına səbəb olub. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Beynəlxalq İctimai Nəqliyyat Birliyinin Baş Katibi Mohamed Mezghani ilə görüşüb.


İdarə Heyətinin sədri mötəbər beynəlxalq tədbirə dəvət üçün cənab M.Mezghaniyə təşəkkür edib. Bakı Nəqliyyat Agentliyinin dünya üzrə 200-dən çox şəhər nəqliyyatına məsul qurumları özündə birləşdirən UITP-yə üzv qəbul edilməsinin əhəmiyyəti vurğulanıb. Ötən il noyabrın 23-də UITP-nin baş katibliyinə seçkilər zamanı Mohamed Mezghanin namizədliyinin Bakı Nəqliyyat Agentliyi tərəfindən də dəstəkləməsi məmnunluqla xatırlanıb. Beynəlxalq qurumla əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etdiyi diqqətə çatdırılıb. Bu ilin əvvəlində UITP-nin “İctimai Nəqliyyat Dünyası” adlı jurnalının növbəti sayında BNA-nın Bakı şəhərinin yol nəqliyyat sisteminin inkişafı istiqamətindəki fəaliyyətindən bəhs edən məqalənin dərc edilməsinin bu əməkdaşılığın təzahürü kimi dəyərləndirilib. 


Görüşdə BNA-nın fəaliyyətə başlamasından sonra nəqliyyat infrastrukturunun və şəhər nəqliyyatı işinin daha da yaxşılaşdırılması, o cümlədən, ictimai nəqliyyatın tənzimlənməsi, marşrut şəbəkəsinin optimallaşdırılması, nəqliyyat sahəsində xüsusi idarəetmə modelinin formalaşdırılması ilə bağlı yeni çağırışlara uyğun görülən və nəzərdə tutulan işlər barədə məlumat verilib. Xüsusi olaraq vurğulanıb ki, hazırda sərnişindaşımada 300 ədəd sıxılmış təbii qazla (CNG) işləyən və ətrafı çirkləndirməyən, komfortlu "İVECO" markalı avtobuslar istismar edilir, nağdsız ödəniş sistemi tətbiqinə başlanılıb, avtobus parkları yenilənir, xüsusi avtobus zolaqları təşkil edilir, nəqliyyat mübadilə mərkəzləri fəaliyyət göstərir. Yaxın vaxtlarda paytaxta daha 300 yeni nəsil Avro 6 standartlarına cavab verən "BMC" markalı avtobusların gətirilməsi müsbət hal kimi dəyərləndirilib. 2022-ci ildən Bakı şəhərinin ictimai nəqliyyat şəbəkəsində yalnız sıxılmış təbii qaz (CNG) və ya elektrik mühərriklə işləyən (Hybrid) avtobusların istismar edilməsinin əsas hədəf istiqamətlərində olduğu qeyd edilib. Ümumilikdə əsas məqsəd, vətəndaşlarımıza ekoloji baxımdan təmiz, keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsinə nail olmaqdır. Bildirilib ki, bununla bağlı bütün daşıyıcılara müvafiq tapşırıqlar verilib. O da vurğulanıb ki, ümumilikdə görülən işlər Bakıda stabil və dayanıqlı nəqliyyat sistemin inkişafına xidmət edir. Şəxsi nəqliyyat vasitələrinin şəhər mərkəzində hərəkətini azaltmaqla, Bakını daha çox piyada yönümlü bir şəhərə çevirmək üçün böyük səylər göstərilir. 
Görüşdə, həmçinin, UITP və BNA arasındakı mövcud və gələcək əməkdaşlıq perspektivləri, cari ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan UITP seminarı, BNA əməkdaşlarının bilik və bacarıqlarını artırmaq üçün mübadilə səfərlərinin təşkil edilməsi, ictimai nəqliyyat sahəsindəki qlobal trendlər və müasir metodologiyaların tətbiqi, UITP databazasına giriş və araşdırma aparmaq üçün imkanların yaradılması və s. məsələlər müzakirə edilib.
Vüsal Kərimli İVECO France şirkətinin rəhbəri Stephane Espinasse ilə də görüşüb. Bakıda istifadə olunan İVECO markalı avtobusların cari vəziyyəti, onlara göstəriln texniki xidmətin yüksəldilməsi, İVECO ilə BNA arasında gələcək əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi aparılıb.


UITP-nin Üzvlük, Marketinq və Xidmətlər üzrə direktoru Kaan Yıldızgöz ilə görüşdə isə gələcəkdə Azərbaycanın UITP tərəfindən təşkil edilən təlimlər sahəsində regional mərkəz olması perspektivləri, Bakıdakı Sürücü Təlim Mərkəzinin beynəlxalq nəqliyyat təlimlərinin keçirilməsində mümkün rolu və təcrübə mübadiləsi barədə danışıqlar aparılıb.
Məlumat üçün bildirək ki, Beynəlxalq İctimai Nəqliyyat Birliyi (UITP) 1885-ci il avqustun 17-də təsis edilib. Baş qərargahı Brüssel şəhərində yerləşən təşkilat 14 regional filial və əlaqələndirmə mərkəzini birləşdirir. Təşkilatın 96 ölkədən 1400 üzvü var. İctimai nəqliyyatın təbliğ edilməsi, ən yaxşı təcrübənin yayılması, dünya üzrə nəqliyyat mütəxəssislərinin əlaqələndirilməsi, nəqliyyat sahəsində kurs, təlim və seminarların təşkil edilməsi, beynəlxalq forum və konfransların təşkili təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir. Assosiasiya ictimai nəqliyyat üzrə peşəkarları bir yerə gətirərək müvafiq inkişaf perspektivlərini və problemləri müzakirə etmək, qabaqcıl təcrübələri bölüşmək üçün əlverişli platforma hesab edilir.