Ermənistan mətbuatı ölkənin gömrük statistikasına istinad edərək ötən il bu ölkədən Azərbaycana döyüş sursatının göndərildiyini aşkar edib.
Unikal.org xəbər verir ki, bu maraqlı fakt barədə "Aravot" qəzeti yazır. Ermənistanın Dövlət Gəlirləri Xidmətinin statistikasına əsasən 2015-ci ildə Azərbaycana döyüş sursatı "ixrac edildiyi" bildirilir.
Xidmət bu statistikaya aydınlıq gətirərək bildirib ki, 2015-ci ildə Ermənistanın güllə atıcılığı üzrə yığma komandası Bakıda keçirilən Avropa Oyunlarında iştirak edib və komanda özü ilə bərabər Azərbaycana 5.6 mm kalibrli 400 ədəd patron aparıb. Gömrükdə bu sursatın dəyəri 84.55 dollar göstərilib.
Qəzet statistikanı araşdıraraq bu faktı da müəyyən edib ki, 2014-cü ildə Azərbaycandan Ermənistana xalça aparılıb. Dövlət Gəlirləri Xidməti bu faktda da yazılı aydınlıq gətirib, bildirib ki, Ermənistanın qədim əlyazmalar institutu Matenadaran 15.10.2014-cü il tarixdə mədəni dəyər olaraq ABŞ-dan 3.17 kvadratmerlik, dəyəri 596.45 dollar olan xalça əldə edib. Bu xalça 1940-50-ci illərdə toxunub, malın mənbəyi Azərbaycan olduğu üçün gömrük sənədlərində də xalça Azərbaycan malı kimi göstərilib.