Türkiyə ilə Suriya arasında müharibə təhlükəsi güclənir
11:35 09-10-2012
DÜNYA
Türkiyə ilə Suriya arasında müharibə təhlükəsi güclənir
Bəşər Əsədin əsgərləri isə xalqı qırmağa davam edirlər, diktatorun əmisioğlu əsir götürüldü
Türkiyə ilə Suriya sərhədində vəziyyət gərgin olaraq qalır. Bazar günü belə məlumatlar yayılıb ki, Türkiyə silalı qüvvələri Suriya ilə sərhəd rayonu olan Axçaqalaya doğru hərəkət etməyə davam ediblər.
İkisi tank olmaqla ağır artilleriyadan ibarət olan hərbi konvoy gün boyu sərhəd bölgələrə nəzarət edir. Rəsmilərin sözlərinə görə, artıq 4-cü gündür ki, Türkiyə Suriya ordusunun hücumlarına məruz qalır.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu isə Suriya hökumətinə sərt ismarıc göndərib. "Eninə boyuna" siyasi analiz proqramına qatılan Davudoğlu bildirib ki, qonşu ölkələrin Türkiyəyə istənilən müdaxiləsi cavabsız qalmayacaq.
Onun sözlərinə görə, Suriyda da, həmçinin, atdığı addımlara fikir verməlidir: "Artıq bu gündən sonra Türkiyəyə hücum olarsa, Türkiyə bu hücuma cavab verməyə hazırdır. Hər kəs bu məsələdə ehtiyatlı olsun. Türkiyə Böyük Millət Məclisində qəbul olunan səfərbərlik sənədi ölkənin təhlükəsizliyinin milli məclisdə müzakirəyə çıxarılmadan təmin edilməsi ilə bağlıdır. Bu qanuna görə, bir gün süpriz şəkildə hücuma məruz qalarsaq, bunun Türkiyə Silahlı Qüvvələri tərəfindən dayandırılmasıdır. Bundan sonra Suriyanın heç bir hücumu cavabsız qalmayacaq".
Amerika Birləşmiş Ştatlarının müdafiə naziri Leon Panetta Yaxın Şərqdə baş verən hadisələrlə bağlı Birləşmiş Ştatların narahatlığını bildirib. Ötən gün Perunun paytaxtı Limada çıxış edən Panetta qeyd edib ki, Suriyada zorakılıqların dayanmadan artması bölgə üçün təhlükə mənbəyi olaraq qalır.
Onun sözlərinə görə, Suriyanın Türkiyə münasibəti isə münaqişənin daha da böyüyəcəyinə işarədir: "Suriyada davam edən zorakı hallar hamını narahat edir. Fakt budur ki, ölkə daxilində iqtidarla müxalifət arasında müharibə gedir və müharibə yüzlərlə insanın öz həyatını itirməsi ilə nəticələnib. Türkiyə ilə Suriya arasında baş verən atışmalar münaqişənin daha da böyüyəcəyindən xəbər verir. Birləşmiş Ştatlar münaqişənin partiyalar səviyyəsində öz həllini tapmasına çalışır".
Bu arada, Suriyadakı ictimai fəalların sözlərinə görə, sərhəd bölgələrində üsyançılarla Əsəd ordusunun əsgərləri arasında döyüşlər olub. Suriya İnsan Haqları müşahidəçi qrupunun verdiyi məlumata görə, Homs və Hələb şəhərlərində baş vermiş qarşıdurmalarda azı 10 nəfər öldürülüb, 20 nəfər isə xəsarət alıb.
Paytaxt Dəməşqdə isə üsyançılar Suriya ordusuna məxsus helikopteri vurduqlarını iddia ediblər. Sosial mediyada yayımlanan kadrlarda helikopterin vurulması görüntüləri yayımlanıb.
Dünənsə məlum olub ki, Suriya prezidenti Bəşər Əsədin əmisi oğlu Hüssam Əsəd əsir düşüb. Türkiyənin "Hürriyet" qəzetinin verdiyi məlumata görə, Suriyada sələfi liderlərdən Şeyx Adnan əl-Arur adamlarının Hüssam Əsədi əsir götürdüklərini bəyan edib.
Qeyd edək ki, BMT-nin hesablamalarına görə, Suriyada artıq 19 aydır ki, davam edən döyüşlərdə 25 mindən çox insan öldürülüb.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-24 12:51:01
2024-12-24 11:40:04
2024-12-24 11:25:05
2024-12-24 10:55:01
2024-12-24 10:12:02
2024-12-24 00:58:20
2024-12-24 00:48:22
2024-12-24 00:31:37
2024-12-24 00:25:03
2024-12-24 00:18:55
2024-12-23 23:55:40
2024-12-23 23:44:02
2024-12-23 23:19:16
2024-12-23 22:36:17
2024-12-23 22:20:17
2024-12-23 21:48:02
2024-12-23 21:02:17
2024-12-23 20:58:32
2024-12-23 19:44:32