Ötən həftə paytaxt üzrə 28 dilənçi və tüfeyli həyat tərzi keçirən şəxs aşkarlanaraq, yaşadıqları rayonlara göndərilib.

Bunu Unikal.org-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib: "Azyaşlıların, qadınların, sağlamlıq imkanı məhdud olması görüntüsü yaradan şəxslərin küçələrdə dilənməyə sövq edilməsinin məqsədi insanların ürəyinə, hisslərinə təsir etməkdir. Adətən, küçədən keçənlərə salfet satan, maşın şüşələrini silməyə çalışan, ayaqyalın, üst-başı çirkli uşaqların məsumluğundan istifadə olunmaqla teatral vəziyyət yaradırlar. Ancaq sədəqə verənlərin sayının çox olması dilənçiliyin həyat tərzinə çevrilməsini, zəhmətsiz yaşamağı onlar üçün şərtləndirir. Bu da azyaşlıları küçələrə salanların məqsədlərinə çatmalarına səbəb olur", - deyə Hacıyev əlavə edib.

Onun sözlərinə görə, dilənçilər böyük şəhərlərdə kriminal risk qrupuna aid edilirlər: "Elm də deyir ki, dilənçiliklə cinayətkarlıq arasında səbəbli əlaqə var. Bunu dünya təcrübəsində rast gəlinən örnəklər də təsdiq edir. Buraya oğurluq cinayətləri, xırda talama və narkotik vasitələrin qanunsuz dövriyyəsi, uşaq əməyinin istismarı aid edilir. Belə görünür ki, bu əlaqə dilənçiliyi yoxsulluq mahiyyətindən ayıraraq cinayətkarlığın əlamətinə çevirir".

Hacıyev bildirib ki, bununla bağlı elmi, praktiki təcrübəyə əsaslanan tövsiyələr var. Vurğulanır ki, "dilənçi görkəmi" cinayətkar üçün komuflyajdır, o, ünvanlara, yaxud insanlara daha rahat yaxınlaşa bilir və ictimai təhlükəli niyyətini həyata keçirir: əgər dilənçi şüurlu olaraq bilsə ki, cəmiyyət onun bu əməlini yaxşı qarşılamır, ona yaxınlaşmayacaq. Bunu nəzərə alaraq, bir çox ölkələrin qanunvericiliyində, xüsusilə Türkiyə və İtaliyada dilənçiyə sədəqə verilməsi hüquq pozuntusu hesab olunur, pul cəriməsi nəzərdə tutulur.