Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydaları təsdiq edilib. Qaydalarda ipoteka kreditinin maksimal məbləği, ilkin ödəniş və kredit faizləri ilə bağlı məsələlər öz həllini tapıb.

Yeni qaydaların ipoteka sisteminə və mənzil bazarına təsirini qiymətləndirən daşınmaz əmlak bazarı üzrə ekspert, iqtisadçı Rəşad Əliyev Milli.Az-a bildirib ki, ipoteka kreditləri üzrə maksimal məbləğlər İpoteka Fondunun Müşahidə Şurası tərəfindən ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında müəyyən ediləcək. Bir sözlə, Fond dövri şəkildə iqtisadi şəraitdən asılı olaraq bu göstəriciləri yeniləyəcək. Bu məbləğin müəyyənləşdirilməsində qaydaların 3.1.16 maddəsinə göstərilən yanaşmadan istifadə ediləcək.


İqtisadçının fikrincə, təəssüflər olsun ki, bu maddə çox qarışıq verilib: "Əvvəllər ipoteka krediti üzrə maksimal məbləğ 50000 manat təşkil edirdi ki, bu da narazılıq yaradırdı. Çünki həmin məbləğdə kredit vəsaitlərindən istifadə etməklə lazımi keyfiyyətdə və zəruri istehlak xassələrinə malik normal evi çətinliklə almaq olurdu. İndi isə bu məbləğ xeyli artırılacaq və konkret məbləğ yaxın zamanlarda müəyyənləşdiriləcək. Eyni zamanda, Şura kredit üzrə faizləri müəyyənləşdirəcək. Ancaq burada məhdudiyyət var. Belə ki, adi ipoteka kreditləri üzrə illik faiz dərəcəsi 8 %-dən, güzəştli ipoteka krediti üzrə isə 4 %-dən çox olmamalıdır. Əvvəllər bu faizlər standart idi və adi ipoteka kreditləri üzrə 8%, güzəştli kreditlər üzrə isə 4% təşkil edirdi".

Onun sözlərinə görə, kreditlərin maksimal müddəti saxlanılıb və müvafiq olaraq adi kreditlər üzrə 25 il, güzəştli kreditlər üzrə 30 il müəyyənləşdirilib. Kredit üzrə minimal müddət 3 il müəyyənləşdirilib. Yəni əvvəlki qaydalarla müqayisədə maksimal müddət saxlanılıb.

R.Əliyev qeyd edib ki, qaydalara görə, adi ipoteka kreditləri üzrə kredit məbləği mənzilin dəyərinin 75-85%-ni təşkil etməlidir. Deməli, ilkin ödəniş 15%-dən 25%-dək olmalıdır: "Alıcının müraciəti əsasında ilkin ödəniş daha da artırıla bilər. Əvvəl adi kreditlər üzrə ilkin ödəniş minimum 20% təşkil etməli idi. Deməli, adi kreditlər üzrə minimal ilkin ödəniş 20%-dən 15%-ə salınıb. Güzəştli ipoteka kreditləri üzrə isə ilkin ödəniş 15% təşkil edəcək ki, əvvəl də belə idi".



Tələb olunan gəlirlər və yaş tələblərinə gəlincə, qaydalarda göstərilir ki, ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ kredit alanın aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır: "Yaş həddinə gəldikdə isə kreditin son ödəniş tarixinə kimi borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya yaşı həddinə çatmamalıdır. Hesab edirəm ki, bu yaş məhdudiyyəti yeni qaydalarda ən neqativ haldır".

Güzəştli ipoteka krediti dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına, habelə dövlət zəmanətli istiqrazların emissiyasından əldə olunan vəsaitlər hesabına veriləcək: "Dövlət büdcəsindən vəsaitlərin faizsiz verilməsi, sözsüz ki, güzəştli ipoteka kreditləri üzrə daha aşağı faizlərin tətbiq edilməsinə şərait yaradacaq. Buradan belə başa düşmək olar ki, adi ipoteka kreditləri üçün vəsaiti fond özü kommersiya əsasları, yəni istiqrazların buraxılması və s. ilə cəlb edəcək. Hesab edirəm ki, bu istiqamətdə Fond çətinliklərlə üzləşəcək. Çünki bazarda mövcud olan maliyyə alətləri üzrə faizlər yüksəkdir və onların cəlb edilərək kreditə verilməsi baha başa gələcək. İstisna deyil ki, ucuz maliyyə vəsaitlərinin cəlb edilməsi üçün Mərkəzi Bankın yardımından istifadə edilsin".