Bu gün Nizami Rayon İcra Hakimiyyətində 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib.

Unikal.org xəbər verir ki, müşavirədə Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhər təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı Şəhər İcra Hakimiyyətinin Əsaslı tikinti və təmir idarəsinin rəisi Abid Əliyev, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehralıyev, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun xidmət sahələrinin, təlim-tərbiyə və səhiyyə müəssisələrinin rəhbərləri iştirak ediblər.

Müşavirədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov hər il olduğu kimi, bu il də payız-qış mövsümünə hazırlığın diqqət mərkəzində saxlanıldığını, qarşıya qoyulan vəzifələrin icrası məqsədilə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, xidmət sahələrinin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirdiyi monitorinqlər nəticəsində ortaya çıxan problemlərin həlli istiqamətində görüləcək işlərin təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb.

Arif Qasımov aidiyyəti təşkilatlara 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıqla bağlı müvafiq tapşırıqlarını verib və nəzərə çatdırıb ki, hazırlıq işləri müəyyən olunmuş qrafik üzrə aparılmalı, rayonun bütün təsərrüfat obyektlərində çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülməli, mövcud vəziyyət təhlil edilməli və sakinlərin qış fəslində rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirlər yüksək səviyyədə həyata keçirilməlidir.