Astara rayonunun yüksək dağlıq ərazisində yerləşən Sekaşan kəndinin sakinləri uzun illərdir ki, elektrik enerjisinin təminatında çətinliklərlə üzləşirlər. Altı ailənin yaşadığı kəndin sakinləri 1994-cü ilə ilə kimi elektrik enerjisindən istifadə etsələr də, uzun illər baxımsızlıq ucbatından elektrik naqilləri və dirəkləri sıradan çıxdığından kənd işıqsız qalıb.
"Azərişıq” ASC-nin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli Sərəncamına əsasən, 24 illik fasilədən sonra Astara rayonunun Sekaşan kəndi yenidən elektrik enerjisi ilə təmim olunub.
Sərəncama görə, Astara rayonunun Diqo, Dolu və Sekaşan kəndlərinin elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə “Azərişıq” ASC-yə 1,5 milyon manat ayrılıb.
Avqustun əvvəllərindən başlayaraq Sərəncamın icrası ilə bağlı hər üç kəndə tikinti və quraşdırma işlərinə başlanılıb. Tikintidə podratçı təşkilat - “İMA Enerji” MMC-nin işçiləri çalışırlar. Ən çətin relyefdə yerləşən kənddə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub. Tikintidə “Azərişıq” ASC-nin 15 işçisi çalışıb.
Sekaşan kəndində 1 ədəd 40 kilovoltluq transformator quraşdırılıb. Kəndin ərazisində 36 ədəd 10 kilovoltluq metal dayaq və 14 ədəd 10 kilovoltluq söykənəcək basdırılıb, bütün evlərdə elektrik sayğacı quraşdırılıb. Kəndi dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə ərazidə 5000 metr AS-35 elektrik, 450 metr SİP kabel çəkilib, 18 ədəd 0,4 kilovoltluq SİP dayaq basdırılıb.
Sakinlər əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətmizin başçısına minnətdarlıqlarını bildiriblər.
Hazırda Astara rayonunun dağlıq ərazisində yerləşən daha iki ucqar yaşayış məntəqəsinə - Doli və Diqo kəndlərinə də elektrik enerjisinin verilməsi istiqamətində işlər sürətlə davam etdirilir.