Cari ilin 18-24 oktyabr tarixlərində Azərbaycanda ikinci dəfə təşkil olunacaq “InnoWeek – İnnovasiya həftəsi”  ilə bağlı mətbuat konfransı keçirilib.

Unikal.org xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunacaq. Tədbirlər Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılır. 
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində 18 oktyabr tarixində “İ2B – İdeyadan Biznesə” layihəsinin respublika finalı keçiriləcək. Bakı və region qalibləri arasından 2019-cu il üzrə qaliblər müəyyən ediləcək. Finalda layihələr mütəxəssislərdən ibarət münsiflər heyəti qarşısında təqdim ediləcək. Jüri tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi meyarlar qiymətləndiriləcək. Təşkilatçılar və tərəfdaşlar tərəfindən ilk üç yerin sahiblərinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

19 oktyabrda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi  çərçivəsində  “Roboday”  sərgisi təşkil ediləcək. “Roboday”də robotlarla iş imkanı yaradan təlimlər keçiriləcək, robotexnika sahəsində tətbiq və əyləncə zonası ilə təchiz edilmiş stendlər fəaliyyət göstərəcək. Gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə vermək, kiçik yaşlardan bu sahəyə maraq aşılamaq məqsədilə STEAM (Science, Technology, Engineering, Art, Math – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsil proqramları barədə məlumat veriləcək, robot şouları nümayiş etdiriləcək.
“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində keçiriləcək önəmli tədbirlərdən biri də 21-22 oktyabr tarixlərində keçiriləcək 2-ci “Bakı Elektron Ticarət Forumu”dur (BEF – 2019). İki gün davam edəcək forumda beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar, ekspertlər, startapçılar iştirak edəcəklər. Tədbirdə elektron ticarətin müxtəlif istiqamətləri üzrə sessiyalar təşkil olunacaq.

Forumda e-ticarət sahəsində liderlər, tanınmış e-ticarət və onlayn ödəniş platformalarının mütəxəssisləri, ekspertlər bir araya gələcək və bu istiqamətdə son trendlər, müsbət təcrübələr müzakirə ediləcək. 

22 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının (UNECE) təşkilatçılığı ilə “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda “dəyirmi masa” keçiriləcək. Tədbirdə innovasiya ekosistemi iştirakçıları – hökumət və qeyri-hökumət qurumları, agentliklər, inkubasiya-akselerasiya mərkəzləri və digər əlaqədar təşkilatların rəhbərləri iştirak edəcəklər. 

 “İnnovasiya həftəsi” çərçivəsində keçiriləcək əhəmiyyətli tədbirlərdən biri də  “Euroasia İnnovation Day”dir.  23 oktyabrda “Huawei” şirkəti ilə birgə təşkil olunacaq bu dialoq platformasına siyasətçilər, özəl sektor nümayəndələri və elm xadimləri qatılacaqlar. 

23 oktyabr tarixində baş tutacaq növbəti tədbir – “İnnovation Awards Gala” mükafatlandırma mərasimində “İlin startapı”, “İlin influenseri”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi”, “İlin innovasiya ekosistemi təmsilçisi” nominasiyaları üzrə qaliblər elan ediləcək və onlara Azərbaycan İnnovasiya Mükafatı təqdim ediləcək. Qeyd edək ki, bu mükafat “İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə təsis olunub.
“İnnovasiya həftəsi”nin sonuncu günü – 24 oktyabrda isə “Kaspersky Security Day” platforması təşkil ediləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Kaspersky” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə dövlət qurumları, özəl sektor, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri, elmi tədqiqat institutlarının nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, “InnoWeek – İnnovasiya həftəsi”nə daxil olan bütün tədbirlər Heydər Əliyev Mərkəzində keçiriləcək.