Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” adlı yeni romanı işıq üzü görüb.
Unikal.org xəbər verir ki, yazıçının sayca dördüncü romanı olan bu əsərdə paralel zaman və məkan, yaddaş fenomeni, real və irreal hadisələrin təsviri özünün ədəbi-bədii əksini tapıb. Roman müasir nəsr texnikasına xas olan iç-içə süjetlər və fəsillərlə assosiasiya olunan hadisələrin anoxronik ardıcılığı şəklində qurulub. Əsərin qəhrəmanı olan Həsən müəllim (Hacı Mir Həsən Ağa Səyyah) nəql olunan əhvalatların fövqündə dayanaraq sirlərin sərgüzəştinə şahidlik və bələdçilik edir. Bu mənada roman oxucunu öz sirlərinin ağuşuna alır, onu da sirrə vaqif edir. Odunçu Əhmədin, Təpəgözün, Banuçiçəklə Beyrəyin çözülən sirri oxucunu Kamal Abdullanın bundan əvvəl qələmə aldığı mətnlərdəki mətləblərə bir daha üz tutmaq ehtiyacı ilə üz-üzə qoyur. “Sirlərin sərgüzəşti”ndəki arxetipik məqamlar romanı müəllifin digər mətnləri ilə aşkar və gizli lağımlarla bağlayır.
Kitabın redaktoru və ön sözün müəllifi Əlövsət Ağalarov yeni əsəri belə xarakterizə edir: “Əsərdəki dərin fəlsəfi-psixoloji anlardan uzun müddət ayrılmaq olmur, yaddaşın yaddaşsızlığı dərkolunmayacaq qəribə aləmə aparır oxucunu. Hacı Mir Həsən ağa Səyyah risalə yazmaq üçün “Sirri-Xuda”dan yox, qonşularının, tacir-tüccarların, padşahların, şeyxlərin və b. sirlərinə bələd olmağı, onların sərgüzəştlərindən yazmağı öhdəsinə götürür və məharətlə istəyinə çatır. Odunçu Əhmədin sirrindən tutmuş, ta Həsən müəllimin ailə sirlərinə qədər sirlərin sərgüzəştləri sizi başqa bir sirlər dünyasına aparacaq. Sona qədər oxuyun, nəticəni özünüz çıxaracaqsınız və Kamal Abdullanın sirli-sehrli yaradıcılığından həmişə olduğu kimi, bu dəfə də həzz olacaqsınız. Bu kitab Kamal Abdullanın digər kitabları kimi, uzun ömür sürməyə haqqı olan böyük yaradıcılıq nümunəsidir”.
Kitabda Xalq yazıçısı Kamal Abdullanın ədəbi və elmi yaradıcılığı haqqında Franko Kardini (İtaliya), Anastasiya Yermakova (Rusiya), Xalq yazıçısı Anar və akademik İsa Həbibbəyli (Azərbaycan), Arif Acaloğlu (Türkiyə), Lüdmila Lavrova (Rusiya), Maks Statkeviçin (ABŞ) fikirləri də yer alıb.
Roman “Azərnəşr”də işıq üzü görüb.
Qeyd edək ki, “Sirlərin sərgüzəşti” müəllifin “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox”, romanlarından sonra sayca dördüncü romanıdır. Əsərin iki fəsli bir müddət əvvəl “Ədəbiyyat qəzeti”ndə çap olunub.