Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Almaniyanın ölkəmizdəki səfirliyinin birinci katibi Andreas Hohlt ilə görüşüb.

Unikal.org xəbər verir ki, Andreas Hohlt Almaniya Bundestaqı Berlin şəhəri müstəqil universiteti, Humboldt adına Berlin şəhəri universiteti, Berlin şəhəri texniki universiteti ilə birlikdə təşkil etdiyi Beynəlxalq Parlament Təqaüdü (IPS) proqramı haqqında məlumat verib.

Qonaq təqaüd proqramının təqdimat mərasiminin ADU-da keçirilməsi ilə bağlı təklif irəli sürüb. Təqdimat mərasiminin proqramı haqqında məlumat verən A.Hohlt təqaüd proqramı çərçivəsində Bundestaq üzvünün yanında 15 həftəlik fəaliyyət ərzində Almaniyanın parlament sistemi və siyasi qərarvermə prosesləri ilə tanış olmaq və parlament işi sahəsində praktiki təcrübəyə malik olmağa imkanı yaratdığını qeyd edib. O, 120-yə yaxın gəncin müraciət etdiyi proqrama 9 nəfər azərbaycanlı gəncin seçiləcəyini diqqətə çatdırıb. Qonaq, həmçinin ADU-nun Almaniya təhsil müəssisələri ilə münasibətdə seçilmiş universitet olduğunu vurğulayıb. 

ADU-nun rektoru Kamal Abdulla təqaüd proqramının ciddi məsələ olduğunu diqqətə çatdırıb və proqramın təqdimat mərasiminin həyata keçirilməsini yüksək qiymətləndirib. Kamal Abdulla təqaüd proqramının Almaniyanın təbliği istiqamətində böyük rol oynayan məsələ olduğunu deyib. ADU-nun beynəlxalq əlaqələrindən söz açan rektor universitetin sonuncu kurs tələbələrinin yollandıqları pedaqoji və istehsalat təcrübəsi zamanı bir sıra Almaniya məktəbləri ilə danışıqlar aparıldığını söyləyib.O, Almaniya səfirliyi ilə ADU arasında əlaqələrin yüksək səviyyədə qurulmasından da söz açıb. 
Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması haqqında məsələlər, tələbə-müəllim mübadiləsi müzakirə olunub.