Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.
Unikal.org xəbər verir ki, dövlət başçısı çıxışında aparılan islahatlardan söz açıb.
Prezident sabiq Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlərinin də fəaliyyətini tənqid edib. İ. Əliyev islahatlardan sonra problemlərin aradan qaldırıldığını qeyd edib:
"Hesab olunurdu ki, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik. Büdcəyə 100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə də həmçinin.
Sosial müdafiə sahəsində nə qədər pozuntular olub. Yeni nazir Sahil Babayev bunları üzə çıxardı və çox ciddi islahatlar aparır".
Xatırladaq ki, aparılan islahatlardan sonra Fazil Məmmədovun yerinə Mikayıl Cabbarov Vergilər naziri, Səlim Müslümovun yerinə isə Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunub.