“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan sakinləri qəbul edib.
Unikal.org xəbər verir ki, qəbuldan əvvəl “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Lənkəran, Astara və Lerik rayonlarından 30 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri əsasən içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Hər bir vətəndaşı dinləyən “Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.