“Hazırda inzibati həbsdə olan Tofiq Yaqublu özünü pis hiss etməsi və həkimə ehtiyacı olması ilə bağlı müraciət edib”.
Unikal.org xəbər verir ki, bunu Tofiq Yaqublunun vəkili Nemət Kərimlinin onun vəziyyəti ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlamaya dair apa-nın sorğusuna cavabında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib. O qeyd edib ki, mövcud təlimatın tələblərinə görə, inzibati həbsdə olan və həkimin köməyinə ehtiyacı olan şəxslər Daxili İşlər Nazirliyinin Hospitalına aparılır və orada müayinədən keçirilirlər:
“Bu gün Tofiq Yaqublu da özünü yaxşı hiss etməməsi, ağrılarının olması ilə bağlı müraciət edib. Ona görə də o, DİN-in Hospitalına aparılıb. T. Yaqublu orada bütün müvafiq müayinələrdən keçirilib, onda heç bir patoloji hal aşkar edilməyib. Bütün müayinələrin protokolları ona təqdim olunub, özü də imzalayıb. Müayinələrdən sonra Tofiq Yaqublu yenidən inzibati həbs yerinə qaytarılıb”.
Ehsan Zahidov bildirib ki, Tofiq Yaqublu DİN-in Hospitalındakı həkimlərin müayinəsinə inanmasa, inzibati həbsi başa çatandan sonra istənilən xəstəxanaya gedib yenidən müayinələrdən keçə bilər.