Dağıstanlı əlbəyaca döyüş ustası, dünya çempionu titulunu qoruyub saxlayan Həbib Nurməhəmmədovun qatı düşməni, irlandiyalı Konor Makqreqor onun dalınca Moskvaya gəlib və dağıstanlıları "qorxaq" adlandırıb. Habelə Həbibin ünvanına təhqirqamiz ifadələr səsləndirib.
Unikal.org xəbər verir ki, Makqreqor ötən gün Moskvada "Ritz-Karlton" otelində mətbuat konfransı keçirib. Həmin mətbuat konfransında Həbibin də iştirakı elan edilmişdi, amma dağıstanlı döyüşçü irlandiyalı düşməni ilə üzləşmək istəməyib.
Makqreqor deyib ki, Həbib onunla Moskvada döyüşməkdən qorxur. "O, ancaq qalib gələ bildikləri ilə döyüşür. Biz hamımız bilirik ki, dağıstanlılar kimdir. Onlar qorxaqdırlar, qaçandırlar. Ruslardan da qorxurlar, çeçenlərdən də. Həbib də belədir. Bu, onun təbiətindədir. O, burada, Moskvada mətbuat konfransı keçirməkdən qorxub qaçdı",-irlandiyalı döyüşçü ötən il onu məğlub etmiş Həbibin dalınca deyib.
Makqreqor bildirib ki, Həbiblə məsələni belə qoymayacaq. Yenidən oktaqona qayıdacaq və onunla döyüşəcək.
İrlandiyalı döyüşçünün bu açıqlamalarından sonra dağıstanlılar onun qaldığı "Ritz-Karlton" otelini mühasirəyə alıblar. Müvafiq video sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən otelin ətrafında onlarla adam toplaşıb, yaxınlıqda isə OMON növbə çəkir.
"Bu gün Konorun müraciətini gördük, deyir ki, dağıstanlılar ondan qorxur. Biz gəlmişik, otel işçiləri onun burada olduğunu gizlətməyə çalışır. Amma biz burada oturacağıq və o, aşağı düşənə qədər gözləyəcəyik",-Nurməhəmmədovun tərəfdarlarından biri deyib.
Həbib özü hələlik düşməninin hücumlarına cavab verməyib. Amma onun atası və məşqçisi Abdulmanap bildirib ki, Konor Moskvaya döyüşmək üçün gəlsə oğlu onu yenə döyəcək.