Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Biznes idarəçiliyi fakültəsinin dekanı səlahiyyətlərini icra edən, dos. Vüqar  Nəzərov və Menecment kafedrasınn baş müəllimi Fuad Cabbarov Rusiya Ali Məhkəməsinin nəzdində fəaliyyət göstərən Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialının təşkilatçılığı ilə keçirilən növbəti beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

Unikal.org xəbər verir ki, Rusiya Federasiyasının Sankt – Peterburq şəhərində gerçəkləşən növbəti tədbir “Səhiyyə sahəsində hüquqi məsuliyyət: nəzəri və praktiki məsələlər” mövzusuna dair idi. Beynəlxalq əhəmiyyətli tədbir hər il Rusiya Federasiyasını təmsil edən müxtəlif ali təhsil müəssisələrinin,qanunverici orqanların, millət vəkillərinin, federal icra hakimiyyəti orqanlarının, federal hakimlərin, hüquq mühafizə orqanları əməkdaşlarının, prokuror və vəkillərin iştirakı ilə adıçəkilən ölkənin müxtəlif şəhərlərində təşkil olunur. Beynəlxalq konfransda MDB –nin çoxsaylı universitetlərindən iştirakçı nümayəndələr fərqli mövzularda məruzələrlə çıxış ediblər.

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əməkdaşları V.Nəzərov və F.Cabbarov səfər çərçivəsində Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialının rektoru, professor Yaroslav Borisoviç Jalobovla görüşüblər.Görüş əsnasında hər iki universitet arasında  beynəlxalq əməkdaşlıq çərçivəsində danışıqlar aparılıb və qarşılıqlı xidmət mübadilələri müzakırə edilib. Rusiya Dövlət Ədalət Universitetinin Şimal-Qərb filialı ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.Tədbirin sonunda iştirakçılar xatirə şəkili çəkdiriblər.