Anar Bağırovun üzv olduğu vəkil bürosunun rəhbəri Ədliyyə nazirinin oğludur.
Unikal.org-un əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bu vəzifəyə “Bakı Hüquq Mərkəzi”ndən gəlib.
Qeyd olunur ki, onun bu posta gəlməsinə Ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədovla dostluğu, nazir oğlunun işçisi olması səbəb olub. A.Bağırovun əvvəllər işlədiyi “Bakı Hüquq Mərkəzi” MMC-nin rəhbəri Fariz Məmmədov olub.
A.Bağırov Rəyasət Heyətinin sədri olandan sonra Fariz Məmmədov 12 saylı vəkil bürosunun rəhbəri və Rəyasət Heyətinin üzvü seçilib.
A.Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri olandan sonra ictimai-siyasi fəalların müdafiəsində iştirak edən xeyli vəkil uzaqlaşdırılıb.
Məsələn, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında Adil İsmayılovun vəkillik fəaliyyəti bir il müddətinə dayandırılmışdı. Adil İsmayılovun cəzalandırılmasına bir neçə həmkarının şikayəti səbəb olmuşdu. Şikayətdə Adil İsmayılovun sosial şəbəkədə Vəkillər Kollegiyası üzvlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsi qeyd olunub.
Amma sonra kollegiyanın bu qərarı cəmiyyətdə ciddi müzakirələrə və narazılığa səbəb olduğundan Vəkillər Kollegiyası bu qərarını ləğv etmək məcburiyyətində qaldı.
Elvin Rüstəmov