"Əsas rəqibimizə qarşı oynayırdıq. Təbii ki, qələbə hamımızı daha çox məmnun edərdi. Amma bir xala görə də razı gedə bilərik. İndi diqqətimizi Kipdə APOEL-lə oyuna yönəldə bilərik".
Unikal.org report-a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Braziliya əsilli yarımmüdafiəçi ilk yarıda yaxşı təsir bağışladıqlarını, fasilədən sonra isə təşəbbüsü əldən verdiklərini bildirib: "Birinci hissədə hücumlar qurmağa cəhd edirdik. Fasilədə rəqib bizi analiz edərək, ikinci hissədə boşluqlar vermədi. Ona görə də hücuma çıxmaqda çətinlik çəkirdik. Diqqətimizi rəqibin hücumlarının qarşısını almağa yönəltmişdik".
Almeyda Kiprdə APOEL-lə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçını sabahdan düşünəcəklərini söyləyib: "Bu gün sırf "Neftçi" ilə qarşılaşmaya köklənmişdik. Hələ bizi xeyli oyun gözləyir. Qış fasiləsinədək vəziyyət nə qədər dəyişə bilər. Çempionatın mayda bitəcəyini də nəzərə almaq lazımdır. Düzdür, çempionluq yolunda əsas rəqibimiz "Neftçi"dir. Amma daha aşağı pillələrdən gələn "Zirə", "Səbail" kimi komandalara da hörmətlə yanaşmaq lazımdır".
30 yaşlı oyunçu APOEL-lə qarşılaşmaya yüksək səviyyədə motivasiya olunacaqlarını diqqətə çatdırıb: "Ötən müsahibəmdə istəyimizə çatmaq üçün Kiprdə burda oynadığımızdan ən azı 3 dəfə yaxşı çıxış etməli olduğumuzu bildirmişdim. Ümid edirəm ki, Allah əziyyətimizi yerdə qoymayacaq və bizi növbəti mərhələ ilə mükafatlandıracaq".