İraq hüquq-mühafizə orqanlarının əməkdaşları Bağdadın şimalında İŞİD terror qruplaşmasının iki yerli liderini zərərsizləşdiriblər.

Unikal.org xəbər verir ki, bu barədə “Bağdad Əl Youm” xəbər portalı İraq Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Terrorçulara qarşı keçirilən əməliyyatda Daxili İşlər Nazirliyi yanında Federal Kəşfiyyat və Təhqiqat Agentliyinin əməkdaşları iştirak edib. Kərkük vilayətinin Ər-Riyad bölgəsində axtarılan terrorçular aşkar edilərək məhv edilib.

Bundan əlavə, ölkənin hərbi kəşfiyyatın əməkdaşları Hit şəhəri yaxınlığında məscidlərdən birinə planlaşdırılan terror hücumunun qarşısını alıb.

Cümə namazı zamanı edilən hücum terrorçu-kamikadze tərəfindən həyata keçirilməli idi. Lakin hərbi kəşfiyyatın əməkdaşları, terrorçunun hücumda istifadə etmək istədiyi partlayıcı qurğu və qumbaranı ələ keçirə bilib.