Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a veriİən məlumata görə, İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Lənkəran rayon sakini Şəyar Əskərov 3 kiloqram 255 qram qurudulmuş marixuananı 7000 manata satmaq istəyən zaman saxlanılıb. Onun İdarə etdiyi “VAZ 21074” markalı avtomobildən həmin narkotik vasitə aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Şəyar Əskərovun yaşadığı evdən əlavə olaraq 9 kiloqram 265 qram kibrit və digər qutularda qablaşdırılan qurudulmuş marixuana və 1 ədəd müvafiq sənədləri olmayan “İJ 58” markalı ov tüfəngi aşkar edilərək götürülüb. 

Şəyar Əskərov ifadəsində narkotik vasitələri həyətində satıb qazanc əldə etmək məqsədi ilə əkdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Abşeron rayonu Masazır qəsəbəsində yaşayan İslam Abdullayev tutulub. Onun üzərindən 10,252 qram, yaşadığı evdən isə 41,016 qram heroin, 19,316 qram psixotrop maddə metamfetamin, 52,421 qram narkotik vasitə tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib. 

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə Suraxanı rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin İbrahimov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 100,627 qram qurudulmuş marixuana, 1,068 qram heroin və 1,239 qram psixortop maddə metamfetamin aşkar edilib. 

Baş İdarənin əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən daha bir əməliyyat zamanı əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Ceyhun Əkbərov saxlanılıb. Onun üzərindən 1,487 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Kamil adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Nərimanov rayon sakini Kamil Dadaşov tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən  53,033 qram çəkidə heroin və 1 ədəd elektron tərəzi aşkar edilib. Kamil Dadaşov isə ifadəsində ona narkotik vasitələri satmaq üçün Fərid adlı şəxsin verdiyini bildirib. Əməliyyat zamanı narkotik vasitələrin mənbəyi olan Cəlilabad rayon sakini Fərid Səmədov paytaxtın Nəsimi rayonu ərazisində Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsində bir müddət ki, paytaxt ərazisində əldə etdiyi narkotik vasitələrin müxtəlif şəxslər vasitəsi ilə satışını təşkil etdiyini etiraf edib.

Faktla bağlı saxlanılan hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.