Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qızıl-zinət əşyalarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı nəzarətə götürülüb. Həmin şəxs "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı kanal"a yönləndirilib.
Vətəndaş yoxlama otağına dəvət olunub və əl çantasının içərisində çəkisi 2 kq 800 qram olan gümüş məftil aşkarlanıb.
Daha sonra o üzərində qızıl-zinət əşyalarının olduğunu etiraf edib və əvvəlcədən gömrük nəzarətinə təqdim etmədiyi, şifahi, elektron və yazılı şəkildə bəyan etmədiyi ümumi çəkisi 223.33 qram olan zərgərik məmulatlarını - 10 ədəd qolbaq, 66 ədəd boyunbağı, 2 ədəd təsbehi gömrük əməkdaşlarına təhvil verib.
Faktla bağlı araşdırma aparılır.