Bakıda 85 min manatlıq domofon avadanlıqları oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, paytaxtın Yasamal rayonunda yerləşən şirkətlərdən birinin anbarından oğurluq edilib. 

Hadisə zamanı şirkətə məxsus 85 min manat dəyərində hündürmərtəbəli binalarda quraşdırılan domofon və siqnalizasiya avadanlıqları naməlum şəraitdə oğurlanıb. Şirkət rəhbərliyi polisə müraciət edərək hadisə barədə məlumat verən kimi cinayəti törədən şəxslərin axtarışlarına başlanılıb.

Yasamal Rayon Polis İdarəsi və 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində həmin cinayəti törətmiş şəxslərin əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş, Bakı şəhər sakinləri Elçin Pənahov və Sakit Ələkbərov olması müəyyən edilib. Hər iki şəxs saxlanılaraq şübhəli şəxs qismində tutulublar.

Bundan başqa saxlanılan zaman E.Pənahovun üzərindən qanunsuz olaraq əldə etdiyi 0,670 qram narkotik vasitə heroin də aşkar olunaraq götürülüb. Anbardan oğurlanmış əşyaların bir hissəsinin yeri isə müəyyən edilərək cinayət işi üzrə maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb və şirkət sahibinə geri qayrtarılıb. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırılır.

Faktla bağlı hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.