Bu ilin iyul ayında Nigeriyanın şimal-şərqində humanitar ərzaq daşıyan maşın karvanına hücum zamanı “Aclığa qarşı fəaliyyət” Qeyri-Hökumət Təşkilatının girov götürülmüş dörd üzvü ötən gün öldürülüb.
Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi internet səhifəsində məlumat yerləşdirilib.
Məlumatda iyul ayında naməlum şəxslər tərəfindən Nigeriyanın Borno əyalətində təşkilatın humanitar karvanına hücum zamanı bir nəfər öldürüldüyü, altı nəfərin itkin düşdüyü bildirilərək qeyd edilib ki, qaçırılanlar arasında beynəlxalq qeyri-hökumət təşkilatının əməkdaşı, iki sürücü və ölkənin Səhiyyə Nazirliyinin üç əməkdaşı olub: "Aclığa qarşı fəaliyyət" QHT dörd üzvünün qətlini qəti şəkildə pisləyir və təşkilatın girovların sərbəst buraxılması ilə bağlı çağırışlarının dinlənilməməsindən çox təəssüflənir".
Qeyd edək ki, bu ilin sentyabrında girovlardan birinin öldürüldüyü bildirilmişdi. Hadisə ilə bağlı məsuliyyəti hələ də heç bir qruplaşma öz üzərinə götürməyib.
Xatırladaq ki, Nigeriyada radikal islamçı “Boko Haram” terror qrupu fəaliyyət göstərir. Terrorçu qrup Qərbin apardığı siyasətə qarşı çıxaraq, ölkənin yalnız şəriət qanunları ilə idarə edilməsinin tərəfdarı olduğunu bəyan edir.