Sumqayıt şəhərində “Kimyaçı” mədəniyyət sarayının qarşısındakı meydanda Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən bayram yarmarkası təşkil edilib.
Unikal.org xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə bu gündən etibarən bayram yarmarkası fəaliyyətə başlayıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bayram yarmarkasında olub, burada satışa çıxarılan məhsullarının qiyməti və keyfiyyəti, satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış olub.
Şəhər rəhbəri sakinlərin rəy və təkliflərini dinləyib, müvafiq şəxslərə yarmarkada süni qiymət artımının qarşısının alınması , satışa çıxarılan məhsulların satış qiymətinə gün ərzində nəzarət olunması üçün tapşırıq və tövsiyələrini verib.