Ümummilli lider Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu milli həmrəylik bu gün müstəqil Azərbaycanda inkişafın və sabitliyin əsas təminatıdır.
Unikal.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən həmrəylik bayramı xalq-ordu birliyinin də əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikasında da xalq-ordu birliyi ilbəil möhkəmləndirilir, həmrəylik bayramında əsgərlərlə görüşlər keçirilir, onlara sovqatlar təqdim olunur.
Dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Qarnizonunun Hərbi Hospitalına gəlib, burada müalicə olunan əsgərlərlə görüşüb, onların səhhəti ilə maraqlanıb.
Bildirilib ki, muxtar respublika ərazisindəki hərbi hissələrdə əsgərlərin məişət şəraiti, qidalanması və sağlamlıqlarının qorunması diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, hazırda Naxçıvan Qarnizonunun Hərbi Hospitalına müraciət edən xəstələrin sayı kəskin azalıb. Eyni zamanda infeksion və yoluxucu xəstəliklərlə bağlı müraciət qeydə alınmayıb.Hospitalda müalicə olunan əsgərlərdən Rahib Ağalarzadə, Orxan Ramazanov və tibb bacısı Nəzakət Qafarova hərbi hospitalda müalicə olunan xəstələr və kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, bayram təbriklərini çatdırıblar.
Həkim Fail Məmmədov deyib: “Bu gün hərbi hospitalda tibbi xidmətin təşkili üçün lazım olan hər şərait var. Bayram günündə Ali Məclis Sədrinin hospitalda olması, burada müalicə olunan hərbiçilər və kollektivlə görüşməsi göstərilən diqqətin daha bir ifadəsidir. Etiraf etmək lazımdır ki, Ali Məclis Sədrinin tövsiyələrinin əsas götürülməsi işimizi düzgün təşkil etməyə imkan verir. Artıq Naxçıvan Qarnizonu üzrə hərbi qulluqçuların sağlamlığının qorunması sahəsində heç bir problem yoxdur. Bütün bunlara görə minnətdarlıq edirik”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kollektivə təşəkkür edərək deyib: Bu gün Naxçıvan Qarnizonunun Hərbi Hospitalında tibbi heyət tam formalaşmışdır. Bununla yanaşı, istər ucqar dağ və sərhəd bölgələrində, istərsə də mərkəzdə hərbi hissələr üçün müasir xidmət və yaşayış komplekslərinin istifadəyə verilməsi, əsgərlərin qidalanmasının və geyiminin diqqətdə saxlanılması xəstəliklərin sayını xeyli azaltmışdır. Görülən işlərin davamı kimi, hazırda Naxçıvan şəhərində regionun ən müasir hərbi hospitalı tikilir. Bütün bunlar ölkəmizdə uğurla davam etdirilən ulu öndər Heydər Əliyev yolunun, mövcud sabitliyin və iqtisadi inkişafın bəhrəsidir.Hospitalda müalicə alan əsgərlərə və tibb heyətinə bayram hədiyyələri paylanıb, gətirilmiş ərzaq məhsulları mətbəxə təhvil verilib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Psixi və Ağciyər Xəstəlikləri dispanserlərində, Onkoloji və Yoluxucu Xəstəliklər mərkəzlərində müalicə alan xəstələrə və tibb işçilərinə də bayram sovqatları paylanıb, müxtəlif adda ərzaq məhsulları anbarlara təhvil verilib.