Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Sabirabadda Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.
Unikal.org xəbər verir ki, qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.
Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.
Elə həmin gün Xidmət rəisinin müavini, general-mayor Mayıl Şahverdiyev ŞirvandaHacıqabul, Kürdəmir və Şirvan rayonlarından olan vətəndaşları qəbul edib.
Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 22 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşların müraciətləri əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının xidmət yerinin müəyyənləşdirilməsi, eləcə də digər məsələlər ilə bağlı olub.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.