Nazirlər Kabineti “Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası”nı təsdiq edib.

Unikal.org xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi qaydası “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və dövlət büdcəsində birinci instansiya məhkəmələrinin saxlanılması xərclərinin tərkibində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının (bundan sonra - ehtiyatlar) satınalınması üçün nəzərdə tutulmuş vəsaitin (bundan sonra - dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait) birbaşa hakimlərin bank hesablarına köçürülməsinə dair məsələləri tənzimləyir.

Bu Qaydanın məqsədi dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsaitin birinci instansiya məhkəmələrinin maddi-texniki təminat məsələlərini həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən birbaşa hakimlərin bank hesablarına köçürülməsini təmin etməkdən ibarətdir.

Dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla Nazirlik tərəfindən hər ay hakimlərin əməkhaqqı kartlarına (bank hesablarına), bu məhkəmələrin aparatlarında kargüzarlığın aparılması ilə bağlı vəsaitlər isə əlavə olaraq müvafiq məhkəmə sədrlərinin əməkhaqqı kartlarına köçürülür. Həmin vəsaitlər təyinatı üzrə xərclənməlidir.

Dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait Nazirlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş bölgü sxemi əsasında bölüşdürülür. Həmin bölgü sxemi il ərzində müvafiq məhkəmələr tərəfindən baxılmış işlərin orta sayı, məhkəmə işlərinin növündən (cinayət işi, mülki iş, inzibati iş, inzibati xətalara dair iş və s.) asılı olaraq ona sərf olunan ehtiyatların orta həcmi və həmin məhkəmənin aparat işçilərinin sayı nəzərə alınmaqla tərtib edilir.

Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş növbəti il üçün bölgü sxemi hər il dekabrın 31-dək təsdiq edilir.

Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı hakimlərin bank hesablarına köçürülən vəsaitin xərclənməsi ilə bağlı hakimlər hesabat vermir, lakin bu vəsaitin xərclənməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin həcmi hər il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən dəqiqləşdirilir.