Xalqımızın yaddaşına, tariximizə qanla həkk olunan 20 Yanvar faciəsindən 30 il ötür. Ümumxalq Hüzn Günü Sumqayıt şəhərində böyük izdihamla qeyd olunub.
Unikal.org xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri səhər saatlarında Sumqayıtdakı şəhidlər memorial kompleksini ziyarət ediblər.
Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mərasim iştirakçıları şəhərin Şəhidlər xiyabanında olmuş, şəhidlərin məzarları üzərinə qərənfillər düzüblər.
Saat 12:00-da şəhər ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq səs siqnalları verildi.
Sumqayıt Cümə Məscidinin axundu şəhidlərin ruhuna dua oxuyub.
1990-cı ilin yanvar hadisələri zamanı, Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimovun, İsmayıl Mirsaqulovun və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib.