Unikal.org xəbər verir ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Zaur Əhməd oğlu Məmmədov Yenisabah.az-ın suallarını cavablandırır.
- Zaur bəy, Sumqayıtda yaşasanız da, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsini seçmisiniz. Niyə məhz bu dairə?
- Mən əslən Cəbrayıldanam, atam da, anam da Cəbrayılın Hacılı kəndində anadan olublar. Doğum haqqında şəhadətnaməmdə Sumqayıt yazılsa da, mən özüm də Cəbrayılda dünyaya gəlmişəm. Sumqayıtda böyüsəm də, ürəyim hər zaman Cəbrayılda olub. Hətta uşaqlıq arzularım, gələcək iş yerimi də Cəbrayılda düşünürdüm. Digər tərəfdən, mən bu dairədən bir dəfə də deputatlığa namizədliyimi irəli sürmüşdüm. 2010-cu ildə keçirilən parlament seçkilərində iştirak üçün namizədliyimi irəli sürsəm də, o vaxtkı deputatla rayon rəhbərliyi mənim namizədliyimin qeydə alınmasına imkan vermədilər. Yəni, bu dairə mənə yad deyil, eyni zamanda, mən də onlar üçün yad deyiləm. Cəbrayıl adı olan tədbirlərin əksəriyyətində iştirak eləmişəm. Hansı problem olanda da jurnalist olaraq, özümü kənarda qoymamışam.
- Artıq seçicilərlə görüşlərə başlamısınız. Onları narahat edən başlıca problemlər nədir və sizin bu problemləri aradan qaldırmaq üçün hansı layihə və ya proqramlarınız var?
- Təbliğat-təşviqat kampaniyasına start veriləndən bəri görüşlərimiz başlayıb. Əslində imzatoplama kampaniyası dövründə seçicilərlə təmaslarım başlamışdı. Onlara millət vəkili olmaq istədiyimi bəyan edəndə ilk sözləri bu olurdu ki, bizim heç vaxt deputatımız olmayıb, bizə deputat nə edəcək ki? Mən isə ilk növbədə onlara Milli Məclisin hansı funksiyalarının, deputatın səlahiyyətləri və vəzifələrinin nədən ibarət olduğunu dedim. Üstəlik onlara əsl deputatın necə olmasını izah elədim və inandırmağa çalışdım ki, millət vəkili sizin sözünüzü deməlidir. Əgər siz seçkiyə getməsəniz, sizin adınızla kimlərsə saxta yolla deputat seçsə, o zaman həmin adam onu seçdirənlərə xidmət edəcək, sizə yox. Mənə elə gəlir ki, söhbət edə bildiyim insanları inandıra bilmişəm. Ən azı onların seçkiyə gələcəyinə inanıram. Öncə insanlarda seçkiyə inamı bərpa etmək lazımdır. Seçici onun səsinin nəyisə dəyişmədiyini düşünür. Mən bu yola inanaraq çıxmışam. Öncə özüm inandım. Sonra ətrafımdakıları inandıra bildim, artıq görüşdüyüm insanlarda inamı yarada bilmişəm. Doğrudur, hələ də inanmayanlar var, amma onlar da 9 fevraldakı qələbəmdən sonra inanacaq. Başqa dairəni deyə bilmərəm, bu dairənin qalibi mənəm.
- Bu qədər əminlik hardandır?
- Cəbrayılda kifayət qədər nüfuza sahib olan şəxslər məni dəstəklədiklərini bildiriblər. İstər fərdi görüşlərdə, istər kütləvi tədbirlərimizdə, istərsə də sosial şəbəkələrdə aldığım mesajlar, çağırışlar, dəstək müraciətləri o dairədəki seçkidən qalib çıxacağıma əminlik yaradır. Məncə, seçkiyə haram qatılmasa, inandığımız insanlar məntəqələrə gəlsə, qələbə bizim olacaq.
- Atanız Əhməd Məmmədov Azərbaycanın bütövlüyü uğrunda döyüşlərdə şəhid olub. Bu gün şəhid ailələrinin əhəmiyyətli hissəsi sosial-iqtisadi problemlər məngəsində sıxılır. Deputat seçicələyiniz təqdirdə bununla bağlı hansı addımlar atmaq fikriniz var?
- Bu məsələ hər zaman mənim üçün prioritet olub. Şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları hər zaman diqqətimdə olublar. Jurnalist fəaliyyətimi izləyənlər bilirlər ki, bu kateqoriyadan olanların problemini, dərdini öz dərdim kimi qəbul edib həllinə çalışmışam. Hesab etmişəm ki, şəhid ailələrinin, qazilərin vəkiliyəm. Və bu vəkilliyi boynumun borcu hesab eləmişəm. İndiyə kimi yüzlərlə şəhid ailəsinin, qazinin, döyüşçünün problemlərinin həllinə nail olmuşam. Dövlətin bu kateqoriyadan olan şəxslərə diqqəti və qayğısı var.Amma bu, yetərlidirmi? Məncə, yox. Zaman-zaman deputatları bu məsələlərə görə qınamışam. Düşünürəm ki, Milli Məclisdə oturan hər bir kəs şəhid, qazi adına həssaslıqla yanaşmalıdır. Mən özüm bu ailələrdən birinin üzvüyəm. Onların hansı problemlər yaşadıqlarını çox yaxşı bilirəm. Əgər mənə etimad göstərilərsə, millət vəkili seçilərəmsə, hər şeydən öncə şəhid ailələri və qazilərin problemlərinin həllini ön planda saxlayacağam. Çünki bu millət şəhidlərə, qazilərə, döyüşçülərə borcludur. Onların haqqını tanımayanlar heç bir haqqı tanamayacaq. Mən boğazdan yuxarı danışanları çox görmüşəm, amma sözdən əmələ keçəndə hamısı öz cibini düşünüb. Millət vəkili cibini düşünməməlidir. Kimə cib maraqlıdırsa, getsin alverini eləsin, Milli Məclisdə nə işi var. Nə isə görülməli çox iş var. Jurnalist kimi bacardığımdan eləmişəm, amma daha böyük işlər üçün böyük meydan, hündür tribuna lazımdır. Bir məsələni də vurğulayım ki, mən bir rayonun deyil, millətin vəkilli olmağı hədəfləmişəm. Qarşımıza daş itələməsələr, o haqq bizimdir. Haqqı demək üçün söz haqqını xalqdan alacağıq.
- Hədəf kütləniz həm də məcburi köçkünlərdir. Onlarla bağlı nə düşünürsünüz?
- Mənim bütün qohum-əqrəbam məcburi köçkündür. Onların hansı həyat yaşadıqlarını çox yaxşı bilirəm. İllərlə hansı məhrumiyyətlərdən keçdiklərini görmüzəm, o əzabı hiss etmişəm. Təbii ki, son illər köşkünlərin sosial problemlərinin həlli, mənzillə təminatı sahəsində çox böyük işlər görülüb. Minlərlə insan yeni mənzillərlə təmin olunub. Bu, müsbət haldır, lakin hər bir köçkün üçün daha vacib bir məslə var – öz doğma yurduna qayıtmaq.
Son illər sosial şəbəkələrədə “qarabağlılar Qarabağı istəmir” kimi təbliğat aparanlar var. Qətiyyən belə deyil. Kimlərsə sosial problemlərin ağırlığından başqa istəklərdə çıxış edə bilər, hətta kimlərsə Qarabağı unuda bilər. Amma bir şeyə əmin ola bilərsiniz ki, bütün köçkünlər özünü hər yerdə qonaq kimi hiss edir. Hamı inanır ki, yaxın müddətdə öz elinə, obasına, doğma Qarabağına qayıdacaq. Bunu istər ölkə daxilində. Istər beynəlxalq miqyasda hər kəs bilsin. Biz Qarabağsız Azərbaycan təsəvvür eləmirik. Mənim üçün Şuşasız, Laçınsız Qarabağ ola bilməz, eləcə də Qarabağsız Azərbaycan yoxdur. Odur ki, bir millət vəkili kimi köşkün camaatın problemlərinin həlli üçün çalışacağam. Amma hər şeydən öncə biz Qarabağ problemini həll etməliyik. Bütün problemlərin başında Qarabağ dayanır. O həllini tapsa, bizim camaatın problemi öz yoluna düşəcək. Hesab edirəm ki, namizəd olduğum dairənin seçicilərinin mütləq əksəriyyəti bu düşüncədədir. Elə buna görə də 9 fevralda seçimlərini bizdən yana edəcəklər.