Valideynlərini, el-obasını sevməyən Vətənini, dövlətini də sevə bilməz. Ata-anaya rəğbət bəsləyən isə torpağını da sevər, dövlətini də…
Ünsiyyət saxladığım, yaxından-uzaqdan tanıdığım Millət vəkilləri çox olub. Xalq tərəfindən seçilibsə hər birinə hörmətlə yanaşmağı özümə borc bilmişəm. Etiraf edək ki, hər birinin də özünəməxsus üstün cəhətləri olub. Lakin bütün insani keyfiyyətləri özündə cəmləşdirənlər barmaqla sayılacaq qədər olub.
Onlardan biri də 28 saylı Sabunçu seçki dairəsindən namizədliyi irəli sürülən Eldar Allahyar oğlu Quliyevdir. Yaxından tanışlığımız olmasa da haqqında müəyyən qədər məlumatım vardı. Bilirdim ki, bacarıqlı, savadlı, tanınmış bir şəxsiyyətdir. Uzun müddət “Azərittifaq”a rəhbərlik etmiş, Koperasya Universitetinin rektorudur, dörd çağırış Milli Məclisin üzvü olmuşdur. Bu nadir şəxsiyyətin namizədliyi beşinci dəfə doğulub, boya-başa çatdığı Sabunçu rayonunda irəli sürülmüşdür. Seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində doğma Maştağa kəndində seçiciləri ilə görüş keçirirdi. Mən də bir jurnalist kimi həmin tədbirin iştirakçısı idim. Etdiyim müşahidələr məni hədsiz dərəcədə qürurlandırdı. Namizəd gəlib çıxmamış sakinlərin öz aralarında onun ünvanına söylədiklər xoş sözlərdən məmnun oldum. “Yəni doğurdanmı bu deyilənlər həqiqətdirmi?” deyə düşünürdüm. Əgər doğurdan da belədirsə, onda bu məhəbbətin qarşısında sevinməmək nadanlıqdır. Bütün bunlar kiminsə məcburi surətdə bəytərifi demeyi deyildi. Bu XALQIN SƏSİ idi. Və bu səs ürəkdən gəlirdi…İntizarla gözlənilən namizəd seçicilərin sürəkli alqışı ilə salona daxil oldu. Anladım ki, Eldar Quliyevin Milli Məclisə üzv seçilməsi onun özündən çox seçicilərinə lazımdı…
Gündəliyə uyğun olaraq vəkillər, seçicilər danışandan sonra Eldar Quliyevə söz verildi. Əlbəttə, bu mənim gözlədiyim, sonsuz suallarıma cavab ala biləcəyim məqam idi. Bəzi namizədlər kimi gələçək platformasını deyil, beş il əvvəl söz verdiyi işlər barədə hesabat xarakterli çıxışla başladı. Hətta beş il əvvəl namizədliyi dövründə söz verdiyindən də artıq işlər gördüyü məlum oldu. Məni ən çox duyğulandıran məqam isə “Mən hər həftənin bazar günü anamın məzarını ziyarət edirəm. Bu kənd mənim dünyaya göz açdığım məkandı. Bir gün öləndə də anamın məzarının yanında dəfn olunmağı vəsiyyət etmişəm” deməsi oldu. “Hər birinizin problemini həll etməyə çalışmışam. Heç vaxt özümü sizdən kənarda hiss etməmişəm. Sizə yararlı biri olduğmdan qürur duymuşam” söylədi.
Bəli, belə oğulların Milli Məclisdə təmsil olunması vacibdir. Məhz el-obasının, xalqının, dövlətinin təəssübkeşliyini çəkən insalar tarix yazırlar. Onlardan biri də 28 saylı Sabunçu seçki dairəsindən namizədliyi irəli sürülən ELDAR ALLAHYAR QULİYEVdir.
Seçicilərin layiqli namizədlərinə səs verəcəklərinə şübhə etmirəm. İnanıram ki, illərin sınağından çıxan dəyərli Eldar müəllim bundan sonra da üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcək.
Uğurlar arzulayırıq, Eldar müəllim!
Şərafəddin İlkin,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü