Mingəçevir şəhər 20 Yanvar küçəsində yerləşən şəhid bulağı baxımsız vəziyyətdədir.
Bu barədə Unikal.org-a şəhər sakinləri məlumat veriblər.
Onlar qeyd ediblər ki, iki şəhidin adını daşıyan bulaq uzun müddətdir bərbad haldadır. Sakinlər Mingəçevir Şəhər İcra Hakimiyyətini məsələdən xəbədar etsələr də, heç bir tədbir görülməyib.
***
Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev Unikal.org-a açıqlamasında məsələ ilə bağlı müraciət edilmədiyini bildirib:
"Biz şəhidlər Xiyabanında şəhidlər üçün bulaq təşkil etmişik. İcra hakimiyyətinin gücü buna çatır. Bu il itkinlər kompleksini əsaslı təmir etmişik. Orada da bulaq var. Məhələlər də olan bulaqlar vətəndaşların öz hesabına inşa olunur. O, icra hakimiyyətinin xətti ilə inşa olunmur. Onlar imkansız olanda, bizə müraciət edəndə hər hansı bir təşkilat xətti ilə oranı təmir elətdiririk. Amma şəhidin ailəsi o ünvanda yaşamalıdır. Bir də lazimi sənədləri verməlidir. Bizə həmin bulaqla bağlı müraciət olunmayıb. Hər hansı bir müraciət olunsa həmin şəhidlər bulağının təmirinə lazimi köməklik göstərəcəyik".