Namizəd yanvarın 22-də Stansiya Sumqayıt adlanan ərazidə məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb.
Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan namizədin seçki qərargahının sədri Elçin Abdullayev Z.Məmmədovla bağlı məlumat verib. O, təbliğat-təşviqat-kampaniyası çərçivəsində görülən işlər barədə seçiciləri məlumatlandırıb.
Zaur Məmmədov öncə dəvəti qəbul edib gələn seçicilərə təşəkkür edib və bildirib ki, bu qədər işin-gücün arasında onu dinləməyə gəlmələri çox xoşdur. Sonra Z.Məmmədov platforması, Milli Məclisdə görmək istədiyi işlər barədə danışıb: “Platformamla, tərcümeyi-halımla tanışsınız. Odur ki, daha çox sizi dinləmək və sizin fikirlərinizi öyrənmək istəyirəm. Siz necə millət vəkili görmək istəyirsiniz? Məncə, əsas budur”.
Cəbrayıl köçkünü Xanım Allahverdiyeva Zaur Məmmədovun platforması ilə tanış olduğunu və ən layiqli namizəd hesab etdiyini deyib: “Bu günə kimi bizim deputatımız olmayıb. Onların varlığı ilə yoxluğu bilinməyib. Biz daha bezmişik. Hər hansı bir problemimiz olanda məmurların qapılarında qalırıq. Səsimizi yuxarılara çatdıran yoxdur. Amma indi gəclərə meydan açılıb. İnanırıq ki, Zaur Məmmədov Milli Məclisdə bizi təmsil eləsə, səsimizi hər yerə çatdıracaq. Ona görə də sizdən bir xahişim var ki, Milli Məclisdə o biri deputatlar kimi yatmayasız, hər tərəfli ayıq olasınız. Siz danışdınız, hiss edirəm ki, dediklərinizdə səmimisiniz. Ona görə də sizə səs verəcəyik, hamıya da sizi dəstəkləməyə çağıracağıq”.
Çıxış edən Nübar Həsənalıyeva isə illərdir köçkün həyatına son verilməyini istədi: “Mən bilirəm ki, deputatın səlahiyyətlərinin sərhəddi var. Amma niyə bizim deputatlar bir dəfə də olsun Milli Məclisdə demir ki, Qarabağ camaatı öz torpağını istəyir. Axı biz vətənimiz üçün ölürük. Mənə Cəbrayılımı verin, gedim elə ordaca ölüm. Sən şəhid balasısan, Qarabağ sənin üçün lap əzizdir. Mən sənə səs verəcəm, amma get Milli Məclisdə də, sonra başqa ölkələrdə də de ki, Cəbrayıl camaatı öz yurduna qayıtmalıdır, qayıdacaq da. Mən Prezidentimizdən razıyam. Bizim üçün çox iş görüb, amma aşağıdakı məmurlar imkan vermir ki, səsimiz ona çatsın. Ümid edirəm ki, sən bizim səsimiz olacaqsan”.
Qarabağ qazisi Kənan Babayev çıxışında bildirdi ki, Zaur Məmmədovun fəaliyyəti ilə yaxından tanışdır: “Mən Zaur müəllimi sosial şəbəkələrdən də izləyirəm. Vətənpərvər, dövlətini, millətini sevən bir adamdır. Ən əsası şəhid övladıdır. Onun atası bizim döyüş yoldaşımızdır. Şəxsən tanımasaqda, bir yerdə döyüşməsək də. Bütün şəhidlər bizim can yoldaşımızdır. Biz onun əmanətinə sahib çıxmalıyıq. Ən əsası odur ki, Zaur Məmmədov atasına layiq övladdır. İnanırıq ki, o, Milli Məclisdə Cəbrayılı təmsil edərsə, bizim istədiyimiz depuatat olar. Ona görə də biz qazilər, keçmiş döyüşçülər olaraq, onu dəstəkləyirik və hər kəsi də dəstək verməyə çağırırıq”.
Cəbrayıl köçkünü Vilayət Rəhimov da namizədlə bağlı məlumatının olduğunu bildirib və deyib ki, bu dairədən ən layiqli namizəd Zaur Məmmədovdur. Onun sözlərinə görə Köçkün rayonun deputatı hər şeydən öncə Qarabağı tələb etməlidir. “Biz Qarabağı istəyirik. Bu tələbimizi ancaq onun kimi insanlar tələb edə bilər. Ona görə də hamımız seçkidə ona dəstək olmalıyıq”- deyə fikrini tamamlayıb.
Daha sonra namizəd seçicilərin problemləri ilə maraqlanıb, qeydlər aparıb.