Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının məntəqənin daxilində bir nəfərə qarşı zor tətbiq etdiklərini əks etdirən videogörüntülərlə bağlı məlumat yayıb.
DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Unikal.org-a açıqlamasında deyib ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq, ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib:
"Bəli, o görüntüləri biz də izləmişik, Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 8 saylı məntəqədə qeydə alınıb. Araşdırmalarla məlum olub ki, həmin məntəqənin sədri qanunvericiliyin tələbinə uyğun olaraq ərazidə xidmətdə olan polis əməkdaşlarını məntəqəyə dəvət edib və orada olan müşahidəçinin seçki prosesinə yersiz və əsassız müdaxilə etməsini və seçicilərin normal səs vermələrinə maneələr yaratdığını bildirmişdir. Bundan sonra polis əməkdaşları məntəqəyə daxil olaraq həmin şəxsi nizam-intizama dəvət etmiş və ondan məntəqəni tərk etməsini tələb etmişlər. Lakin, o, polisin qanuni tələblərinə məhəl qoymayaraq onlara qarşı müqavimət göstərmişdir. Belə olan halda polislər güc tətbiq etməklə onu məntəqədən kənarlaşdırıb və ciddi xəbərdarlıq ediblər. Bundan sonra məntəqə sədri həmin şəxsin müşahidəçi statusunda olmasını və polisin artıq xəbərdarlıq etdiyini nəzərə alaraq onun yenidən məntəqəyə daxil olmasına icazə verib.
Yeri gəlmişkən, bir daha qeyd etmək istərdim ki, Milli Məclisinə növbədənkənar seçkilər zamanı polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görmüşdür".