Xızıda seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olmuş 1980-ci il təvəllüdlü Rəhman Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, ailəli olan Rəhman Vəliyev Xızı rayonu, Yeni-Yaşma kəndində qeydiyyatda olub, Azəravtoyol MMC-də fəhlə işləyib.
İstintaq sənədlərinə görə, Rəhman Vəliyev Xızı rayonu, Yeni Yaşma tam orta məktəbin 9-cu sinfində qızı ilə birlikdə təhsil alan 2003-cü il təvəllüdlü Əminə Babayevanın (ad və soyad şərti verilib - red.) 16 yaşına çatmadığını bilə-bilə onunla cinsi əlaqədə olmaq istəyib.
Bu məqsədlə o, 2019-cu ilin yanvar ayının 6-da, saat 22 radələrində Sumqayıt şəhərindən Əminə Babayevanı evlərinə aparmaq adı ilə etibarnamə ilə sürdüyü avtomobilə götürüb.
Rəhman Vəliyev Xızı rayonuna çatdıqdan sonra avtomobili rayonun dağlıq hissəsinə sürüb. Bu zaman qız ondan yolu niyə dəyişməsini soruşub. Rəhman Vəliyev isə ona işi olduğunu söyləyib. Avtomobili dağlıq hissədə heç kimin olmadığı yerə sürdükdən sonra öz çirkin əməlini həyata keçirmək qərarına gəlib. O, Əminə Babayeva ilə avtomobildə zorla cinsi əlaqədə olub.
Daha sonra hədə-qorxu gələn Rəhman Vəliyev ondan bu barədə heç kimə deməməsini tapşırıb. Lakin Əminə Babayeva evlərinə gələn kimi hadisə barədə anasına danışıb.
Əminə Babayevanın ailə üzvlərinin şikayətindən sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən Rəhman Vəliyevin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual
xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Xızı rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəza çəkmə müəssisəndə çəkməsi qərara alınıb.
Hökmdən narazı qalan Rəhman Vəliyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çxıarılmasını istəyib.
Rəhman Vəliyevin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Rəhman Vəliyevin şikayəti təmin olunmayıb.