İngiltərə Premyer Liqasında "Liverpul" böyük ölçüdə çempionluğu təmin edib.
Unikal.org xəbər verir ki, ən yaxın rəqibi "Mançester Siti"dən 22 xal öndə olan "mersisaydlılar" növbəti 4 oyunda qələbə qazanmaqla artıq uzun illik həsrətə rəsmən son qoyacaqlar. Ancaq bu gün yayılan məlumatlar "Liverpul"un əhvalına "soğan doğrayıb". İngiltərə mediasında yayılan xəbərlərə görə, Premyer Liqa rəhbərliyi mövsümü yarımçıq dayandıra bilər. Buna səbəb isə sürətlə yayılan koronavirus təhlükəsidir. Belə ki, rəhbərlik təhlükəli "Covid-19" epidemiyasının qarşısını almaq üçün bu addımı ata bilər. Böyük Britaniyada bununla yanaşı konsertlər, tədbirlər, və digər idman yarışları da təxirə salına bilər. Premyer Liqa bununla bağlı ölkə hökumətindən qərar gözləyir.
Əslində sözügedən ölkədə müharibə və ya xəstəlik səbəbindən Premyer Liqa oyunlarının təxirə salınması ilə bağlı bir qayda mövcud deyil. Ancaq bu səfər qaydalar dəyişə bilər. Koronavirus səbəbindən bu mövsüm çempionat 2 aylıq təxirə salına bilər ki, bu da "Liverpul" klubu üçün arzuolunmaz bir vəziyyətdir. Belə ki, "qırmızılar" uzun müddət rəhbərliyin qərarını gözləməli olacaq.
Artıq Premyer Liqada bununla bağlı təcili danışıqlara start verilib.