Müəssisələrin muzdlu işçilərə ödədiyi əməkhaqqının dəstəklənməsi məqsədilə əsas meyar kimi ölkədə yanvar ayına olan orta əməkhaqqı məbləği götürülüb. Bu, 712 manat təşkil edir.
Unikal.org xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu məbləğdən daha aşağı əməkhaqqı alan hər bir işçinin əməkhaqqı tam həcmdə dövlət tərəfindən müəssisəyə ödəniləcək. Orta aylıq əməkhaqqından daha çox alan işçi üçün maksimal hədd orta ayılıq əməkhaqqı səviyyəsində müəyyən edilib.
"Bu gündən, həmçinin mikro və fərdi sahibkarlara da ödəniş proqramına start verilir. 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyi ayrılıb. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil edilir.
Maliyyə dəstəyini tezləşdirmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində mövcud olan elektron kabinetləri vasitəsilə müraciət edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür".
İqtisadiyyat naziri qeyd edib ki, hər bir mikro və ya fərdi sahibkara ödənilən minimal məbləğ 250 manatdan az olmayacaq. Maksimal məbləğ isə 5000 manat həcmindədir. Bir çox fərdi sahibkarların muzdlu işçiləri də var və bu şəxslər də dövlət proqramından yararlanacaq.
"Bununla yanaşı, iqtisadi fəallığın qorunması məqsədilə sahibkarlara vergi stimulları da veriləcək. Biznes kreditlərinə dəstək proqramlarına isə 1,5 milyard manat ayrılıb. Atılan addımlar sahibkarlara bu müddət ərzində yeni planlar qurmaq və bizneslərini inkişaf etdirmək üçün bir fürsətdir. Dövlət strukturları iş yerlərinin azaldılmaması, işçilərin ixtisar olunmaması, biznes itkilərini azaltmaq üçün sadalanan istiqamətlərdə fəaliyyət bərpa olunandan sonra da zəruri dəstəyi verəcək".
M.Cabbarov əlavə edib ki, bütün bu dəstək tədbirləri, qəbul edilmiş proqramlar, sahibkarlığa kredit-zəmanət mexanizmi, vergi güzəştləri ilə bağlı qanunverici təşəbbüslər iqtisadi fəallığın qorunmasına yönəlib və ölkənin gələcək iqtisadi artımını təmin etmək üçün zəruri bazanı və elementləri özündə əks etdirir.