Koronavirus (COVID-19) pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabinetinin qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq, İqtisadiyyat Nazirliyi koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramına start verib.
Unikal.org xəbər verir ki, Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi Natiq Şirinov maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciət qaydalarını və vəsaitlərin köçürülməsi mexanizmlərini şərh edib.
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyəti məhdudlaşmış sahibkarlıq subyektlərinə maliyyə dəstəyi verilməsi məqsədilə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilməkdədir.
N.Şirinov bildirib ki, bu tədbirlər çərçivəsində həmin sahibkarlara vergi güzəştlərinin və tətillərinin verilməsi, onların sosial sığorta haqqları üzrə yüklərinin azaldılması, sahibkarların muzdlu işçilərinə ödədikləri əmək haqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.
Sahibkarlıq subyektlərinin müraciət etmələrinin asanlaşdırılması ilə bağlı proqram təminatı hazırlanıb və aprelin 8-dən etibarən istifadəyə verilib. Aprelin 9-dan başlayaraq 10 853 muzdlu işçisi olan 1 000-dən yuxarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.