Azərbaycanda əhalinin işsiz təbəqəsi hər zaman dövlətin qayğı və diqqəti ilə əhatə olunur. Koronavirus pandemiyası dövründə Azərbaycanda xüsusi karantin rejiminin elan olunması bir sıra sahibkarlıq subyektlərində işlərin dayanmasına səbəb olub. Bu üzdən günəmuzd işləyənlər də qazancdan məhrum olub. Amma hər zaman öz vətəndaşının yanında olan Azərbaycan dövləti bu dəfə də əhalinin sosial müdafiəsini unutmadı.
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planında işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.
Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planınla birdəfəlik ödənişlərin edilməsi üçün 70 milyon manat ayrıldı.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, karantin müddəti uzanarsa, birdəfəlik ödəmə növbəti aylarda da veriləcək.Nazir onu da vurğulayıb ki, hər ailəyə birdəfəlik ödəniş bir dəfə həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur.
Qanunla aşağıdakı şəxslər məşğul şəxslər hesab olunduğundan onlara işsizlik statusu verilmir:
- Muzdla (əmək müqaviləsi ilə) işləyənlər;
- Mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər;
- Sahibkarlar (VÖEN-i olanlar);
- Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar);
- Əyani təhsil alan tələbələr
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər. İşsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək. Yəni əgər ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda ailənin digər üzvləri (məsələn, ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş almırsa, onlara da veriləcək. 2020-ci il 1 aprel tarixinə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə də işsiz kimi qeydiyyata alınan şəxslər də bu birdəfəlik ödəməni alacaqlar. Artıq bir dəfə müraciət etmiş şəxsin təkrar müraciətinə ehtiyac yoxdur. Həmçinin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövrünə müraciət imkanı yaradılıb. Belə ki, onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb.
Qeyd edək ki, məşğulluq xidmətləri tam elektronlaşdırılıb və işsiz şəxslərin qeydiyyatı da elektron şəkildə aparılır:
"Eyni zamanda, hazırda pandemiya ilə əlaqədar karantin rejimi olduğundan Məşğulluq Mərkəzlərində də vətəndaş qəbulları dayandırılıb.
İşsiz şəxslərin qeydiyyatı elektron sistem - www.e-sosial.az portalındakı "e-xidmətlər" bölməsində "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi" e-xidməti tərəfindən aparılır.
Birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər alacaq. Yəni birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur.
Xüsusi karantin rejimi tətbiq edildiyi dövrdə elektron sistemdə yüklənmələrin artmaması və müraciətlərə operativ baxılması məqsədilə bu gün ölkənin şəhər və rayonları üzrə müraciət qrafiki açıqlanıb. Qrafikə uyğun olaraq bu gün Bakı ərazisində Xətai, Nərimanov, Nizami, Qaradağ rayonları, bölgələrdə isə Sumqayıt, Abşeron, Xaçmaz, Quba, Şirvan, Ağdaş, Qusar, Hacıqabul, Şabran, Siyəzən şəhər və rayonlarında elektron müraciət qaydası ilə işsiz şəxslərin elektron qaydada qeydiyyatlarına start verilib.
Ekspertlər işsizlər üçün ayrılan birdəfəik ödəmənin onların karantin dövründə social müdafiəsi baxımından vacib olduğunu söyləyirlər. Koronavirus dövründə işsizlərə ayda 190 manat yardım verilməsi dövlətin əhalinin bu kəsiminə növbəti sosial dəstəyinin örnəklərindən biridir. İqtisadçı Elşad Məmmədov bildirib ki, belə ağır günlərdə dövlətin işsiz vətəndaşları unutmaması təqdirəlayiqdir. O hesab edir ki, indiki şəraitdə veriləcək məbləğ işsizlərə maddi-mənəvi stimul olacaq: ““Bu gün görürük ki, sosial probelmlər koronavirusla, bütövlükdə, iqtisadi böhranla bağlı ön plana çıxır. Bu ağır sosial şəraitdə əhalinin işsiz təbəqəsinə birdəfəlik yardımın edilməsi, təbii ki, əhalinin aztəminatlı təbəqələri üçün dövlət dəstəyi olaraq qəbul olunmalıdır. Sözsüz ki, dövlətin əhalinin aztəminatlı təbəqələrinə diqqət göstərməsi, onlara yardımlar etməsi təqdirəlayiqdir. Dövlət işsizlərə 190 manat birdəfəlik yardım etməklə onlara dəstək olur. Ümid edirəm ki, bununla növbəti sosial paket məhdudlaşmayacaq, Azərbaycan sosial statusa malik olan dövlət kimi bundan sonra da sosial siyasətlə bağlı ardıcıl qərarlar qəbul edəcək. O ki qaldı işsizlərə, ödəniləcək 190 manat yardımın onların problemini həll edib-etməyəcəyinə, sözsüz, bunun böyük vəsait olduğunu qeyd edə bilmərik. Eyni zamanda, unutmayaq ki, indiki şəraitdə, vəziyyətdə, məbləğindən asılı olmayaraq, əhalinin bu həssas təbəqəsinə maddi yardımların edilməsi bir dəstək formasıdır, stimullaşdırıcı amildir”.
E.Məmmədovun qeyd edib ki, əhalinin aztəminatlı təbəqəsinə aid olan və 190 manat yardım alacaq işsizlərə ödəniləcək bu vəsait stimullaşdırıcı təsirə malikdir. Onun sözlərinə görə, bu siyasət davam etdirilməlidir. “Amma, eyni zamanda, dövlət tərəfindən işsizlərə 190 manat birdəfəlik yardımın verilməsi, şübhəsiz ki, əhalinin zəif təmin olunmuş təbəqələri üçün sosial dəstək olaraq səciyyələndirilməlidir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə tədbirlər əksini tapır. Bu 4 istiqamət üzrə 10 dəstək tədbiri 1 milyon 900 min vətəndaşı əhatə edir. Həmin istqiamətlər üzrə ayrılan vəsait isə 394 milyon manatdır. Tədbirlər Planında məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətləri üzrə ayrılan 394 milyon manatın 100 milyon manatı dövlət büdcəsindən, 203 milyonu Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun, 91 milyon manatı isə İşsizlikdən Sığorta Fondunun büdcəsindən ayrılacaq. Qeyd edilən 4 istiqamət - dövlət və özəl sektoru üzrə işləyənlərə, işsizlərə, həssas qruplardan olanlara dəstəyin göstərilməsini nəzərdə tutur. S.Babayev həmçinin bildirib ki, işsiz kimi qeydiyyata alınmaq üçün müraciətlərin edilməsində tələskənliyə də ehtiyac yoxdur, karantin rejimi dövründə bütün müraciətlər qəbul olunacaq, haqqı çatan hər kəsə bu birdəfəlik ödəmə veriləcək.
Mələk Eyvazlı
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanıb