Azad Əzizov. Bu ad yəqin ki, çoxlarına tanışdır. Almaniyada yaşayan həmyerlilərimiz isə onu daha yaxından tanıyır. Çünki Azadın Almaniyada keçirilən döyüşlərində burada yaşayan azərbaycanlılar böyük həvəslə iştirak edərək onu dəstəkləyiblər.

Unikal.org xəbər verir ki, peşəkar boksçu Azad Əzizov Qazax şəhərinin Qazaxbəyli kəndində idmançı ailəsinə dünyaya göz açıb. Azad deyir ki, idmana olan həvəsi də bundan qaynaqlanır. Onun atası güləş üzə idman ustası olub və Azadın idmançı kimi yetişməsində  məhz bu amil əsas rol oynayıb. Müsahibimiz idmana gəlişini belə xatırlayır:

“İlk dəfə Qazax şəhərində Azər Əhmədovun məşqçiliyi ilə idmana başlamışam. İşlər elə gətirdi ki, məşqlərimi 2000-ci ildən Bakıda Zahid Əliyevin yanında davam etdirdim. Həvəskar boksda bir çox turnirlərin qalibi oldum. Lakin mənim marağım peşəkar boksa idi. Peşəkar boks döyüşlərini hər zaman maraqla izləyirdim. Özümü bir növ peşəkar boksda görürdüm və öz potensialıma güvənirdim”.

Azad Əzizov deyir ki, 2004-cü ildə Moskvada Vaqif  Şirnovun məşqçiliyi ilə ilk məşq həftəsində peşəkar boks döyüşünə dəvət alıb: “Peşəkar boks yarışında döyüşməyim üçün Vaqif  müəllimə gələn dəvəti qəbul edib müqaviləni imzalıdıq. 2004-cü ilin mart ayında ukraynalı boksçu ilə rinqə çıxdım. Peşəkar boksda ilk döyüşüm idi. Açığını deyim, bundan əvvəl həvəskar boksçu kimi iştirak etdiyim yarışlardan fərqli olaraq burada çox həyəcanlı  idim. Lakin tam üstünlüklə qələbə qazandım. 2006-cı ildə Rusiyanın Sankt Peterburq şəhərində keçirilən döyüşdə ispaniyalı bosçuya qalib gələrək beynəlxalq titula sahib oldum.”

Azad ilk beynəlxalq titulu qazandıqdan sonra 2007-ci ildə Almaniyanın Maqdeburq şəhərindən təklif alır və peşəkar boksçu kimi məşqlərini burada davam etdirir. Nəhayət, 2009-cu ildə Avropa kəməri uğrunda döyüşmək dəvətini qəbul edir. İdmançı həmin döyüşlə bağlı xatirəsini bölüşür: “Peşəkar boks Amerika və Almaniyada güclü inkişaf etdiyindən ikinci ölkəni seçdim və düşündüm kiç burada böyük uğurlara imza ata bilərəm. Avropa kəməri uğrunda döyüşmək fürsətini dəyərləndirdim. 2009-cu ildə 12 raundluq gərgin keçən döyüşdə polşalı rəqibimə qalib gələrək İBF-Avropa kəmərini  qazandım. Bu mənim üçün olduqca sevindirici və vacib görüş oldu. Çünki bu kəməri qazanaraq adımı Azərbaycanın peşəkar boks tarixinə yazdım”.

“Avropa kəmərini qazanan ilk azərbaycanlı boksçu kimi ölkəmizdə peşəkar boksun inkişafıni necə qiymətləndirirsiniz?”-sualını müsahibimiz qısa cavablandırır: “Azərbaycanda güclü boksçularımız var. 2019-cu ildən Peşəkar Boks Fedarasiyasında  dəyişikliklər olub. Ümid edirəm ki. Bundan sonra beynəlxalq kəmərlərin saihbi çoxalar.”

Maqdeburq şəhərində Odlar Yurdu Boks Cəmiyyətini sədri olan Azad Əzizov hazırda məşqçi kimi fəaliyyət göstərir. O bildirir ki, rəhbəri olduğu klubun əsas məqsədi  Azərbaycan idmanını, ölkəmizi təbliğ etmək ibarətdir: “Odlar Yurdu Boks Cəmiyyəti 2013-cü ildə yaradıldı. Buradakı diasporamızın məsləhəti ilə cəmiyyətin sədri seçildim. Həm idmançı kimi, həm ölkə vətəndaşı üzərimizə düşən əsas məsuliyyət Azərbaycanımızı təbliğ etmək, tanıtmaqdır. Bunun üçün əlimizdən gələni edirik. Təşkil etdiyimiz peşəkar boks yarışlarında da bu düşüncədən çıxış edirik”.

Qeyd edək ki, Azad Əzizovun son peşəkar döyüşü 2018-ci ildə Bayerndə baş tutub. O, albaniyalı rəqibini məğlub edərək döyüşün qalibi olub.

Həsən Babayev

Berlin şəhəri