Bakıda ötən gün baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetməni itirərək, yol kənarındakı aptekə çırpılıb. Hadisə nəticəsində ölən olmasa da, avtomobilə və aptekə maddi ziyan dəyib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, hadisə dünən saat 13:30 radələrində Buzovna-Zaqulba yolunda baş verib:

“Belə ki, “Isuzu” markalı, 90-JX-721 dövlət nömrə nişanlı yük maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Hadisə nəticəsində qadın sürücünün idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq, yaxınlıqdakı aptekə çırpılıb.

Məndə olan məlumata görə, qəzaya “Mercedes” markalı avtomobili idarə edən qadın sürücünün ehtiyatsızlığı deyil, “Isuzu” markalı yük maşınının sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub”.