Gürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında kütləvi mitinq keçirilir.
Unikal.org xəbər verir ki, “İşğala qarşı birlikdə” şüarı ilə keçirilən mitinq “Qavrilov gecəsi”nin ildönümünə həsr edilib.
Mitinqin keçirildiyi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Gürcüstanın müxalif partiyalarının liderləri və tərəfdarlarının da qoşulduğu mitinq COVİD-19 virusu ilə əlaqədar olaraq sosial məsafə saxlamaqla keçirilir.
Qeyd edək ki, ötən il iyunun 20-də Tbilisidə keçirilən Parlamentlərarası Provaslav Assambleyasının 8-ci sessiyasında Rusiya Dumasının Kommunist Partiyasından olan üzvü Sergey Qavrılovun Gürcüstanın parlament sədrinin kürsüsündə əyləşməsi Gürcüstanda etirazlara səbəb olub. Hadisədən bir neçə gün sonra parlament sədri İrakli Kobaxidze istefa versə də, etiraz aksiyaları davam edib. Növbəti günlərdə keçirilən aksiyaların əsas tələbləri ölkədə proporsional seçki sisteminə keçid və o zaman daxili işlər naziri, hazırkı baş nazir Giorgi Qaxarianın istefası olub.