Laosda ötən ilin dekabrından bəri 1992 nəfərdə denge qızdırması müşahidə olunub, 5 nəfər bu səbəbdən ölüb.
Unikal.org yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ən çox paytaxt Ventyanda (434 nəfər) denge qızdırması qeydə alınıb. Nazirlik bu ölümcül virusun yayılmasının qarşısını almaq üçün əhalini evlərinin və iş yerlərinin ətrafında ağcaqanadların toplaşa biləcəyi məkanları təmizləməyi tövsiyə edib.
Qeyd edək ki, əsasən tropik və subtropik regionlarda müşahidə edilən denge xəstəliyi virus infeksiyasıdır. Əsas əlamətləri yüksək hərarət, ürəkbulanma, səpmə, baş və bel ağrıları olan xəstəliyin əsas daşıyıcıları “Aedes aegypti” ağcaqanadlarıdır. Dünya Səhiyyə Təşkilatı denge xəstəliyini insan səhhəti üçün ən böyük təhdidlər siyahısına salıb. İndiyə qədər bu virus əleyhinə xüsusi dərman mövcud deyil.
Virusun XVIII əsrdən yayılmağa başladığı güman olunur. Amma onun virus kimi yayılması XX əsrin əvvəlində aydınlaşdırılıb.