İyunun 21-də səhər saatlarında Türkiyənin Qars vilayətində yağan güclü dolu ciddi fəsadlar yaradıb.

Unikal.org xəbər verir ki, güclü dolu yağışı bir neçə saniyə davam etməsinə baxmayaraq, kənd təsərrüfatına ciddi ziyan vurub, bağlarda və tarlalarda məhsulu zay edib.

Qeyd edək ki, iyunun 17-də bölgəyə yağan dolu yerdə qalınlığı iki santimetrdən çox olan buz qatı yaratmışdı.

Ərzincan vilayətində avtomobil yolu sel sularının altında qalıb. Nəticədə iki rayon mərkəzi və iki kəndlə nəqliyyat əlaqəsi kəsilib.

Bursada isə üçmərtəbəli evi ildırım vurub.

Ümumiyyətlə, həftə ərzində Türkiyədə hava şəraiti çox mürəkkəb olub. Ankara, İzmir, İstanbul, Kocaeli və digər böyük şəhərlərdə baş verən sel və daşqın əhaliyə və şəhər təsərrüfatına xeyli ziyan vurub.

Adıçəkilən şəhərlərdə tunelləri və yeraltı keçidləri, həmçinin evlərin aşağı mərtəbələrini və zirzəmilərini, dükanları sel basıb. Onlarla minik avtomobili su altında qalıb. Rəsmi məlumata görə, yağıntı gündəlik normadan bir neçə dəfə artıq olub.