Rusiya alimləri Başqırdıstan ərazisindəki İmanay mağarasında tarixi 13 min il bundan əvvələ aid olan nəhəng şirlərin qalıqlarını aşkarlayıblar.

Unikal.org popmech.ru saytına istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyası Ural Bölməsi alimlərinin sözlərinə görə, dünyanın heç bir yerində buna bənzər məzarlıq tapılmayıb.

Qeyd edək ki, tədqiqatçılar məzarlıqdakı şir sümüklərindən 500 ədəd nümunə toplayıblar. Heyvanların mağarada 100 metr dərinliyə girməsi alimlərə hələ də sirr olaraq qalır.

Tədqiqatçılar mağaradan qədim ayının kəllə sümüyü və daş silah tapsalar da orada insan izi aşkarlanmayıb.

Mağara şirləri 13 min il bundan əvvəl yaşayıb. Bu heyvanlar indiki şirlərdən 1, 5 dəfə böyük olub. Çəkisi 600 kiloqrama yaxın olan şirlərin ayaqları daha uzun olub.