Daxili İşlər Nazirliyinin (DİN) Kənd Təsərrüfatı nazirliyi ilə birgə kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, subsidiyaların verilməsində, rüşvət tələb etdikləri üçün bir sıra özəl gübrə şirkətlərinin əməkdaşları saxlanılıb.
Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı Unikal.org-a təsdiqləyib. O, bildirib ki, yaxın saatlarda ictimaiyyətə əlavə məlumat veriləcək.
*** 13:00
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov əməliyyatla bağlı Unikal.org-a açıqlama verib. Bildirib ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir:
“Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb.
Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir. Əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatı ilə bağlı birgə məlumat yayılacaq”.
Elvin Rüstəmov