Dünən səhər saatlarından başlayaraq yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərinin, Şəmkir, Göygöl və Samux rayonlarının bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin, küçə və prospektlərin yağış suları ilə dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə çoxsaylı müraciətlər daxil olub.
FHN-dən Unikal.org-a verilən məlumata görə, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası yağış sularının dolduğu ərazilərə (Gəncə şəhərinin Kəpəz və Nizami rayonları, o cümlədən Gülüstan qəsəbəsi, Şəmkir rayonunun Könüllü kəndi, Samux rayonunun Alabaşlı qəsəbəsi, Göygöl rayonunun Qızılqaya qəsəbəsi və Üçtəpə kəndi) suçəkmə işlərinə cəlb olunub.
Hazırda suçəkmə işləri davam etdirilir və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.